Sumqayıt Apellyasiya Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) yüksək vəzifəli şəxslərinin adından sui-istifadə edərək dələduzluq etməkdə ittiham olunan David Aydəmirovun barəsində olan hökmündən hökmündən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtinaya dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarı ləğv olunub, apellyasiya şikayətinə baxılmasına xitam verilib və cinayət işi müddət bərpasına yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd: David Aydəmirov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə işə qəbul edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla cinayətdən xəbərsiz şəxsin vasitəsi ilə 2016-cı ilin may ayının əvvəllərində özünə müraciət edən Qusar rayonunun Hil kənd sakini Zaur Maliddinoğluna FHN-də yüksək vəzifələrdə işləyən dost-tanışları, cinayətdən xəbərsiz olan Azərbaycan Silahlı Qüvvələrində ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun əmisi oğlu olduğunu, onun oğlunu nazirliyin Şimal zonasında yerləşən regional idarəsinin şöbələrindən birinə öz tanışları vasitəsi ilə işə düzəltdirmək imkanına malik olmasını yalandan bildirib.
Bu məsələnin müsbət həlli üçün həmin nazirlikdə işləyən vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar 6 050 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsini istəyib. O, həmin pulu alaraq mənimsəyib.