Abşeron Rayon Məhkməsində xuliqanlıq etməkdə təqsirləndirilən Bəhruz Mürsəlovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılacaq.
Qeyd: Hadisə bu il 24 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Nəsrəddin Tusi küçəsində yerləşən evin qarşısında, küçədə qeydə alınıb.
Belə ki, Bəhruz Mürsəlov idarə etdiyi “Kia Cerato” markalı avtomobilini küçədə saxlayıb. Bu zaman o, öz bacısı oğlu Kamran Səfərlini idarə etdiyi “Toyota Pirus” markalı avtomobili onun yanında dayandığını görüb. Bəhruz Mürsəlov bacısı oğluna avtomobildən düşməyi tələb edib. Kamran Səfərli avtomobildən düşmədikdə o, “İJ-43” markalı ov tüfəngi bir dəfə havaya atəş açıb. Daha sonra isə Bəhruz Mürsəlov zərərçəkmiş şəxsə qarşı zor tətbiq edərək onun sağ çiyin nahiyəsi istiqamətində atəş açıb.
Hadisədən sonra Bəhruz Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılıb. O, ifadəsində bildirib ki, bacısı oğlu Kamran Səfərlini qorxutmaq istəyib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Kamal Məmmədov