Xalq artisti Miri Yusif və müğənni Sevinc Musayeva arasında baş vermiş məhkəmə qalmaqalının təfərrüatı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, başa çatmış cinayət materiallarında qeyd edilib ki, xüsusi ittihamçı Miri Yusif xüsusi ittiham qaydasında şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Musayeva Sevinc Aydın qızının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş edib.
Miri Yusifin şikayəti onunla əsaslandırılıb ki, təxminən 2 yanvar 2022-ci il tarixdə yutub sosial şəbəkəsində onun əvvəllər tanımadığı Sevinc Musayeva adlı qadın özünün çəkdiyi videoçəkiliş vasitəsi ilə onun barəsində böhtan xarakterli məlumatlar yayıb və təhqir edib:
“Belə ki, o, 29 dekabr 2021-ci il tarixində saat 22:30-da Bakı şəhərində yaşayan qazinin toy məclisində iştirak edib, orada mahnı ifa edərək təbrik etməyi planlaşdırıb, qeyd edilən vaxtdan təxmini yarım saat əvvəl ora yaxınlaşıb. Həmin vaxt orada ondan başqa digər sənətçilərin də olduğunu görüb. Miri Yusifi qazinin qohumları və dostları qarşılayıblar. Oxumaq üçün onun növbəsi çatanda əvvəllər tanımadığı Sevinc Musayeva adlı qadının səhnədə mahnı oxuduğunu görüb. Sevinc Musayeva təxminən 20-25 dəqiqə ərzində mahnı ifa edib, o da qadınıni ifasını bitirməsini gözləyib. Sevinc Musayeva ifasını bitirdikdən sonra isə Miri Yusif səhnəyə daxil olaraq mahnı ifa etməyə başlayıb. Qazinin qohumları bir neçə dəfə ona yaxınlaşaraq Sevinc Musayevadan ifasını yekunlaşdırmasını istəyəcəklərini dedikdə, o, buna qarşı olduğunu, heç bir yerə tələsmədiyini, Sevinc Musayeva mahnısını ifa edib qurtardıqdan sonra mahnılarını ifa edəcəyini söyləyib.
Sevinc Musayeva isə toy məclisində baş verməyən hadisəni uyduraraq qalmaqalla məşhurlaşmaq istəyib. Bu məqsədlə yutub sosial şəbəkəsində özünə aid hesabda Miri Yusifin barəsində bilə-bilə onu nüfuzdan salan yalan məlumatlar yayaraq Xalq artistinə böhtan atıb, həmçinin onu təhqir edib. Sevinc Musayeva qeyd edilən çıxışını ev şəraitində özünə məxsus hesabda yerləşdirib. Daha sonra isə qeyd edilən videoçəkiliş bir neçə portalda və digər kütləvi informasiya saytlarında dərc edilib.
Həmin videoçəkilişlə Sevinc Musayeva məhz onun adından istifadə edərək məhşurlaşmaq istəmiş, həmin videoçəkilşin altında internet informasiya resursunda özünü reklam etmək məqsədi ilə özünün əvvəllər yerləşdirdiyi videoçəkilişlərə keçid kimi istifadə etmək üçün #sevincmusayeva #bakiliqiz “heşteq”ləri yerləşdirmişdir ki, onun barəsində yerləşdirdiyi videoçəkilişə baxan şəxslər həmin “heşteq”lərdən istifadə edərək Sevinc Musayevanın kim olmasını görsünlər. Sevinc Musayeva onun adından “istifadə” etməklə hal-hazırda qismən də olsa “məhşurlaşmışdır”.