Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Zahid Oruc: “Azərbaycan İrəvanı və Zəngəzuru çox asanlıqla nəzarəti altına götürə bilər”

783
Paylaş:
Zahid Oruc: “Azərbaycan İrəvanı və Zəngəzuru çox asanlıqla nəzarəti altına götürə bilər”

“Paşinyanın Ermənistanda davam edən aksiyaları bu və ya digər formada yatırtması üçün daxilə müəyyən mesajlar verməyi lazımdır. Ona görə də səslənən fikirlərin hamısının rəsmi Bakıya, Azərbaycana, xalqımıza, Orduya yönəldiyini düşünmək yanlış olar. Bunu getsin Sarkisyan, Köçəryan və digərləri şərh etsinlər. Çünki savaş aparan və bu gün meydanları döyüş alanına döndərən qüvvələr məhz onlardır. Məsələnin ən önəmli tərəfi Azərbaycanın 44 günlük müharibə ilə özünün hərbi strateji, siyasi, milli hədəflərinə çatmasıdır. Bundan sonrakı dönəmdə bölgənin sülhə qovuşması, təhlükəsizlik şəraitində mühüm strateji-iqtisadi layihələrinin gerçəkləşməsi, tranzit yollarının açılması, kommunikasiyaların bərpası, dinc həyatın bərqərar edilməsi, əsrlər boyu bu bölgədə mövcud olan konfliktlərin aradan qalxmasını istəyirik. Hazırkı dövlət xəttimizi məhz belə xarakterizə edə bilərik. Prezident İlham Əliyevin ötən bir il yarım ərzindəki çıxışlarının hamısını ayrılıqda təhlil edəndə də, bunları ümumiləşdirərək hər bir sözün yönəldiyi hədəfləri təyin etməyə çalışanda da görürük ki, ilk növbədə Azərbaycan hərbi qələbədən sonra prosesləri diplomatik-siyasi müstəviyə keçirib, orada əldə olunmuş nəticələrin təsdiq edilməsi, ardınca sülh müqaviləsinin imzalanması bölgədə dinc savaşın iqtisadi, mədəni, elmi və s. vasitələrlə davam etdirilməsi əsas götürülməkdədir”.

Bu sözləri Pravda.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın danışıqlardan yayındığı və müharibəyə hazırlaşdığı barədə iddialarına münasibət bildirərkən deyib.

O bildirib ki, belə şəraitdə Azərbaycana qarşı ərazi iddiası olacaqsa, Qarabağ “status”u istəniləcəksə, Minsk Qrupu formatı həmişə tələb ediləcəksə, ölkəmizin də eyni iddiaları Ermənistana qarşı yönəldəcəyi bəyanatını dərk etmək o qədər də çətin deyil: “Bunun bir cavab reaksiyası olduğunu anlamaq üçün böyük siyasi təcrübə sahibi olmaq istənilmir. Bu gün, doğrudan da, Paşinyan öz xalqı üçün müəyyən alanda xilaskarlıq fəaliyyətini aparır. Məğlubiyyət, həqiqətən də, erməniləri uzun əsrlər boyu yaşadıqları mifik ideallardan geri çəkindirmək üçün ən yaxşı vasitədir. Bu gün Azərbaycan mediasında Fərrux yüksəkliyi və onun ətrafındakı ərazilərlə bağlı Paşinyanın bəyanatı yayılıb. Bildirir ki, həmin ərazilər tamamilə Azərbaycanın nəzarəti altındadır. Xəyal quran, Şuşa ətrafında guya istehkam düzəltməyə çalışan, hansısa partizan savaşları, məhəlli davaları, fərdi qəhrəmanlıqlar hesabına prosesi geri döndərməyi düşünənlərə ən yaxşı cavab elə yenə də İrəvanda Baş nazirin binasından verilib. Laçın dəhlizi məsələsi ətrafında da hazırki gündə medianın informasiya və siyasi idarəetmə aləmində partiyaların, üçüncü sektorun gündəmini tutacaq növbəti açıqlama verilib. Baxmayaraq ki, buna qədərki dövrdə “Youtube” kanallarında, digər müxtəlif şəbəkələrdə 10 noyabr razılaşmasının nəticəsində Qarabağda yaşayan ermənilərin Ermənistanla Laçından kənar dəhliz və ya yol vasitəsilə əlaqələrinin qurulmasına dair təklif edilmişdi. Göstərilmişdi ki, Azərbaycan hansı yolu özü inşa edir. Elə bir ərazidən ki, bu, qəti şəkildə yaşayış məskənlərinə, əhalinin sıx məskunlaşdığı ərazilərə mane olmasın. Xüsusilə də Laçın kimi strateji önəm daşıyan, hərbi mənada yüksəklik xarakterində olan bir ərazinin ora köçməyə hazırlaşan əhalinin mənafeyinə xələl gətirməsin. Bizim müharibə hazırlığımız hara uğrunda olmalıdır? Ölkəmizə qarşı Ermənistanın ənənəvi xətti qalarsa, yalnız o halda savaş gerçəkdən də Azərbaycan coğrafiyasını aşar, həqiqətən də İrəvanda bitər”.

Deputat deyib ki, Azərbaycan dövləti son 30 ildə bu qədər vandalizmə, təcavüzkarlıq aktlarına baxmayaraq, Ermənistana qarşı heç vaxt ərazi iddiasında olmayıb: “Siyasi fikir məkanında, elmi dairələrdə, universitet auditoriyalarında tarixi torpaqlarımız məsələsi vurğulanıb. Xüsusilə cənab Prezident tərəfindən İrəvan, Zəngəzur mahalı, Göyçə və digər yurdlarımızla bağlı məsələlər hər zaman mədəni, mənəvi, tarixi kimlik anlamında ifadə olunub. Bütün bunlara baxmayaraq, heç bir şəkildə bu, Ermənistana qarşı “biz ərazi iddiasındayıq və bunu hüquqi cəhətdən ifadə edək, BMT-də səsləndirək, Ordunun qarşısına qoyaq” formasında olmayıb. Cənab Prezidentin ötəndəfəki bəyanatı həqiqətən də o anlama gəlir ki, bizə ediləcəksə, bu kontur mövqeni saxlayacağıq. Həqiqətən də, bu halda bizim strateji hədəflərimiz dəyişər. Regiondakı münasibətlər tamam fərqli bir eraya qədəm qoyar və bu, bir-birini yox etmək savaşına keçər. İndiki halda Azərbaycan doğrudan da İrəvanı və Zəngəzuru hərbi vasitələrlə çox asanlıqla nəzarəti altına götürə bilər. Amma bundan ötrü ermənilərin rəsmi Bakıya, buradakı əhaliyə, millətimizə təhlükə törətməsi halında bu savaş coğrafiyanı aşar. Prezident İlham Əliyev nə xalqımıza, nə də Silahlı Qüvvələrə belə bir hədəfi qəti şəkildə indi qarşıya qoymur, buna çağırış etmir. Silahlı Qüvvələr Günündə cənab Prezident Kəlbəcərdə həm də coğrafi yüksəklikdə, az qala oradakı punktlardan, İrəvanın asanlıqla göründüyü strateji zirvələrdən yeni hərbi hissənin açılışını elan etdi, hərbi marş qəbul etdi, onların nizami düzülüşü və keçidi reallaşdı, orada mühüm açıqlamalar verdi. Gördüyünüz kimi, orada “mənim ordum, şanlı Silahlı Qüvvələrimiz, Göyçə gölünə hücum edin!” şəklində bir çağırış yox idi. Ona görə də Paşinyanın  bu iddiaları daxildə münasibətləri səngitmək üçün söylədiyini bilməliyik. Azərbaycan sülh savaşına da müharibə kimi qalibiyyətlə başa vurmağa iddialıdır. Əminəm ki, belə də olacaq”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər