Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyev kassasiya şikayəti verib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, o, Ali Məhkəməyə müraciət edərək cəzasının yüngülləşdirilməsini istəyir.
Hazırda şikayət Ali Məhkəmənin Cinayət kollegiyasının icraatına daxil olub. Lakin məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: İ.Vəliyev və digər şəxsləri Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs olunub.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun cəzası 9 il 6 ayadək endirilib.
Kamal Məmmədov