“Biz uduzmaq mədəniyyətini də mənimsəməli, uduzmağı bacarmalıyıq. Hər kəs həmişə qalib gələ bilməz. Azərbaycanda keçirilən tenderləri ən çox tənqid edən adamlardan biri elə mənəm. Dəfələrlə tənqid etmişəm. Amma bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni rəhbərliyi, doğrudan da, çalışır ki, şəffaflıq, obyektivlik təmin olunsun. Agentliyin gördüyü işə bu cür qiymət vermək, işin üstünə qara xətt çəkmək onları da həvəsdən salar. Bu, nəyə lazımdır? Əksinə, Agentliyə dəstək göstərməliyik, kömək olmalıyıq ki, daha da şəffaf, hamıya anlaşıqlı iş görsünlər və edirlər, qaçmırlar. Agentlik bu gün doğru yol tutub. Rəhbərlik istəyir ki, heç kim narazı qalmasın...”
Bu sözləri Pravda.az-a sabiq maliyyə naziri, “Şuşa ili”nə həsr olunmuş qrant müsabiqəsinin qaliblərindən olan “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin rəhbəri Fikrət Yusifov müsabiqə barədə iradlara cavab olaraq deyib.