İyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərinda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Türkmənistan, İran, Rusiya Federsiyası, Qazaxstan və Azərbaycanın dövlət rəhbərlərinin iştirakı ilə keçirilən bu mötəbər tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış edərək bir sıra mühüm məqamlara toxunub.
Xəzəryanı ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən bütün görüşlərdə Xəzəri təhlükəsizlik, sülh dənizi adlandıran, sabitliyin təməlində ikitərəfli və çoxtərəfli münasibətlərin dayandığını bildirən Prezident İlham Əliyev dənizin hüquqi statusu ilə bağlı sahilyanı ölkələr arasında uzun illərdən bəri sürən ziddiyyətlərin qarşılıqlı əməkdaşlıq, xüsusi etimad və ehtiramla əvəz olunmasında humanistliyini göstərdi. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanmasında dövlət başçımızın mühüm rolunun olması beynəlxalq səviyyədə etiraf olundu.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığına bölgədə sabitliyin təminatı baxımından böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanı əlamətdar tarixi hadisə adlandıran dövlət başçımız çoxillik birgə fəaliyyət və qarşılıqlı anlaşma nəticəsində imzalanmış bu sənədi Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində inam və etimadı əks etdirən mühüm addım kimi dəyərləndirir.
Sahilyanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsinin nəticəsidir ki, bölgədə təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və neqativ halların aradan qaldırılması ilə bağlı sazişlər imzalanıb və müəyyənləşdirilmiş prinsiplərə əməl olunur.