1 iyul 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının (Parlament) sədr müavini Şaxvan Abdullah Əhmədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı tərəflər, Azərbaycan ilə İraq arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edib və ölkələrimizin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmində olduğunu vurğulayıblar.
Nazir Ceyhun Bayramov, Azərbaycanın İraq ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. İki ölkə arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. İraqın hər zaman beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına göstərdiyi dəstək minnətdarlıqla qeyd edilib.