Bu gün cəmiyyət ARB-nin aparıcısı Zaur Kamala “müharibə elan edib”. İctimai qınaq getdikcə kəskinləşir, əsəblər gərilir, Güney Azərbaycandan olan müğənninin efirdən qovulmasını uca xalqımız həzm edə bilmir. Doğrudan da istəyirəm fərəhlənəm ki, nəhayət, ictimai qınaq uzunmüddətlidir, efirdən bir neçə gün keçməsinə baxmayaraq, müzakirələr davam edir. Çünki belə bir halla hələ azyaşlı Nərminin qətli zamanı rastlaşmışdım.
Təəssüf ki, bizi gözləyən daha böyük təhlükənin fərqində deyilik. Hələ anlamırıq ki, bizə qarşı nüvə silahı qədər təhlükəli olan silah tuşlanıb.
Bəli, səhv oxumadınız, dəhşətli bir yolayrıcında bu silahın qarşısında gözümüzü döyə-döyə qalmışıq. Hələ ki, tətik söyüş blogerlərinin əlindədir. Siz heç bilirsiniz ki, bu blogerlərin aqoniya saçan söyüş fəlsəfəsi artıq ömrümüzə oturub?! Nə baş verdi ki, ana-bacı söyüşü, küçə əxlaqı, küfr, vulqar, jarqon sözlər adi leksikonumuza çevrildi?!
Son otuz ildə dünyada baş verən təlatümlü ictimai-siyasi dəyişikliklər, əlbəttə, bütün cəmiyyətlərdə sarsıdıcı iz buraxıb. Zarafat deyil, bizim nəsil şüurlu şəkildə bir qərinədə hansı tarixi hadisələrin şahidi oldu. Və hər bir əhəmiyyətli olay insanların həyatına necə təsir etdi?! Üstəgəl, yeni texnologiyaların inkişafı, xəbərin işıq sürətilə yayılması insan dünyagörüşünü əsaslı şəkildə dəyişdirdi, dəyərlərə əks-təsir effekti yaratdı.
Bütün bunlar Azərbaycan cəmiyyətinin sosial strukturunda da köklü dəyişikliklərə səbəb oldu. Təbii ki, dilimizin inkişafında və quruluşunda bu mənfi meylləri görməyə bilməzdik. Bu gün dilçilik üzrə dünya mütəxəssisləri bir məsələdə çox yekdildirlər ki, dil və ünsiyyətdəki əsas dəyişikliklər sosial dəyişikliklərin birbaşa nəticəsidir.
Təsadüfi deyil ki, ta qədimlərdən babalarımız həcvlərdən istifadə edib, şahlar, hökmdarlar rəsmi məktublarında söyüş söyməkdən çəkinməyiblər. Amma bu, dövrümüzdəki qədər təhlükəli xarakter daşımayıb. Deyə bilərsiniz ki, axı bu söyüşlərin nəticəsində böyük imperiyalar qarşıya-qarşıya gəlib, dövlətlər yıxılıb.
Əslində belə deyil, çünki dünya durduqca, güclər toqquşacaq, qırğınlar, xəstəliklər, fəlakətlər olacaq. Amma mədəniyyətlər, intibah nümunələri nəsildən-nəsilə keçdiyi kimi həmin proses davam edəcəkmi? Doğrudur, göstərə bilərsiniz ki, böyük imperiya və dövlətçilik ənənəsi olan rus və Osmanlı türklərinin lüğətində söyüş elementləri adi hal kimi qarşılanır. Artıq ruslarda bununla bağlı efirlərdə heç bir mənəvi senzura belə tətbiq edilmir, səhnəciklərdə, teatr tamaşalarında, böyük auditoriyalarda geniş istifadə vasitəsinə çevrilir.
Ruslar bunun monqol-tatar boyunduruğunun çoxəsrlik ağır mirası olduğunu söyləsələr də, slavyan coğrafiyasında bu məsələ özünün faciəli mərhələsini yaşamır. Çünki bu xalqlar arasında dövlət atributları, tanınmış ictimai-siyasi xadimlər, sənət adamları kütləvi və uzunmüddətli şəkildə aşağılanmır, qürur və şəxsiyyət məsələlərində qırmızı xətt qorunur. Ayrı-ayrı istisnalar olsa da, bizdəki qədər dəhşətli vəziyyət müşahidə olunmur.