1995-ci ildən, yəni birinci çağırış üzrə seçkilər keçiriləndən bu yana Milli Məclisdə yüzlərlə müxtəlif deputat təmsil olunub. Onların içərisində bir çox maraqlı peşə sahibləri, o cümlədən incəsənət adamları da olub. Belə ki, bu günə qədər parlament kürsülərində bir çox aktyorlar, müğənni və ədəbiyyat adamları əyləşiblər.
Bizim.Media bu günə qədər Milli Məclisdə təmsil olunmuş incəsənət adamlarını araşdırıb.
Zeynəb Xanlarova
Parlamentdə ən çox təmsil olunmuş sənət adamı, dünya şöhrətli müğənni, Xalq artisti Zeynəb Xanlarovadır. O, ümumilikdə, beş dəfə seçicilərinin rəğbətini qazanaraq 24 il deputat olub. Xalq artisti yalnız VI çağırış üzrə parlament seçkilərində namizədliyini irəli sürməyib.
Sabir Rüstəmxanlı
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da stajlı deputatlardandır. O, I, II, III, IV və VI çağırış parlament seçkilərində qələbə qazanaraq parlamentdə təmsil olunur. Hal-hazıra Milli Məclisin yeganə incəsənət xadimi hesab oluna bilər.
Maqsud İbrahimbəyov
Mərhum Xalq yazıçısı, rejissor və dramaturq Maqsud İbrahimbəyov 1995, 2000 və 2005-ci illərdə seçicilərinin etimadını qazanmağı bacarıb.
Vaqif Səmədoğlu
Mərhum Xalq şairi Vaqif Səmədoğlu II və III çağırış üzrə Milli Məclisin deputatı seçilib.
Yusif Səmədoğlu
Mərhum Xalq yazıçısı Yusif Səmədoğlu 1995-ci ildə Milli Məclisin deputatı seçilib. Lakin o, 1998-ci ildə dünyasını dəyişdiyi üçün 5 illik müddətini sona çatdıra bilməyib.
Bəxtiyar Vahabzadə
1995 və 2000-ci illərdə keçirilən seçkilərdə qələbə qazanan mərhum Xalq şairi Bəxtiyar Vahabzadə də Milli Məclisdə təmsil olunmuş ədəbiyyat xadimləri sırasındadır.