Gender bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Azərbaycanda gender tendensiyasının başlamasının tarixi XIX əsrin ortalarından Azərbaycan qadınının savadlanması, sonra onun ictimai həyata xeyriyyəçi kimi qatılması ilə əlaqələndirilir. 1918-ci ildə Şərqdə yaradılan ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti həm də Şərqdə, islam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk respublika kimi tarixə düşüb. Azərbaycan müstəqilliyini bərpa etdikdən, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artmasına yol açıb. Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edilib. Azərbaycanın konstitusiyası da kişilərə və qadınlara eyni hüquqları verib. Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün bir sıra beynəlxalq konvensiyalara qoşulub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aytəkin Hacıyeva Pravda.az-a açıqlamasında qeyd edib ki, gender mədəniyyətinin təbliğ olunması və təşviqi aktuallıq kəsb edən məsələlərdəndir: “Məsələ qanunvericliyimizdə tam şəkildə təmin olunub. Konstitusiyada kişi və qadınların bərabərliyi tam təsbit olunub, qəbul edilmiş digər norma və hüquqi aktlarda da bu, öz əksini tapıb. Konstitusiyada ər və arvadın bərabərliyi haqqında ayrıca maddə də var. Ölkəmizdə idarəetmə sistemi gender bərabərliyi strategiyası əsasında həyata keçirilir. Bu, Ailə idarəçiliyində də əksini tapır. Azərbaycan ailəsi nümunəviliyi ilə həmişə ön sıralarda gedən ailə modeli olub. Tarixən ailə modellərimizə baxdıqda görürük ki, qadın və kişi ailədaxili münasibətlərdə, hansısa qərar qəbuletmə prosesində, uşaqların tərbiyəsində, tam vəhdət şəklində iştirak edərək nümunə göstəriblər”.
A.Hacıyeva bildirib ki, bütün bunlarla yanaşı, digər cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da bu sahədə bəzi problemlər var: “Kişi və qadının ailədəki vəzifəsi, funksiyası, cəmiyyət tərəfindən onlara təlqin olunan sosial normalar, mövcud stereotiplər ailəyə birbaşa mənfi təsir göstərən amillərdir. Ailədəki daxili münasibətlər cəmiyyətdə gedən ictimai münasibətlərə birbaşa sirayət edir. Bunun cəmiyyət üçün mənfi təsirə malik olduğunu görürük. Gender dedikdə insanlar yalnız qadınlardan söhbət getdiyini anlayırlar. Lakin bu striotiplər məsələsinə baxdıqda kişilərin nöqteyi-nəzərindən də mənfi hallarla qarşılaşırıq. Buna görə də belə halların qarşısını almaq üçün cəmiyyət olaraq səylərimizi birləşdirməliyik. Gender mədəniyyətinin təbliği, kişi və qadınların cəmiyyətdə bərabər şəkildə fəaliyyət göstərmələri ilə bağlı özfəaliyyət istiqaməti kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə mütəmadi işlər, layihələr həyata keçirir. Qadınların sosial baxımdan aktivliyinin təmin olunması, onların iqtisadi cəhətdən gücləndirilmələri istiqamətində daimi tədbirlər, layihələr, maarifləndirmə kampaniyaları təşkil edilir. Bu sahədə cəmiyyət də birgə səyini birləşdirməli, vətəndaş cəmiyyəti, insanlar özləri bu məsələyə həssas yanaşmalıdırlar. Maarifləndirmə işlərinin tam əlçatan olması üçün media da çox aktiv fəaliyyət göstərməlidir. Təcrübə göstərir ki, bu, sosial məsələdir və birdən-birə həll çarəsi yoxdur. Yalnız müəyyən işlər həyata keçirərək irəli addımlaya bilərik. Bunun üçün də düşüncə tərzi dəyişməli və intellektual səviyyəmiz gücləndirilməlidir”.
Psixoloq Gülər Məmmədova bildirib ki, Azərbaycanda gender, ailə və demoqrafiya mövzusunu hər kəs özünəməxsus şəkildə dərk edir:

“Dövlət bu tendensiyanı ümumiləşdirilmiş şəkildə qoyur. Lakin insanların ailədə keçmiş ənənələrə sadiq qalmaları, böyük-kiçiyə hörmət, valideyn-övlad arasında qarşılıqlı münasibətlər zəncirvari xarakter daşıyaraq ənənəvi şəkildə nəsildən-nəslə ötürülür. Müasir texnologiya əsridir, insanların daha sərbəst təfəkkürdə olmaları, hadisələri daha fərqli şəkildə analiz etmələri ələlxüsus da qadınların zamanla hüquqlarını dərk etmələrinə imkan verir. Təəssüf ki, bu, bölgələrdə belə deyil. Gender, hüquq bərabərliyi əsla qadınların kişilər üzərində hökmranlığı və ya eyni bərabər hüquqda yaşamaları demək deyil. Bu, mümkünsüz bir şeydir. Azərbaycan qadını ənənəyə sadiq qalaraq birmənalı fərqinə varır ki, ailədəki statusu nədən ibarətdir. İşləsə də, öz peşəsində fəaliyyət göstərsə də, Azərbaycan qadını öz həyat yoldaşına hörmət etməyi bilir, psixoloji aspektdən nəyi harada etmək lazım olduğunu dərk edir. Hazırkı gənc nəsildə isə o qədər azadlıq düşüncələri hökm sürür ki, məsələyə sanki ailəyə tabe olmağı, qarşılıqlı anlaşmanı deyil, sırf “mənim istədiklərim özünü doğrultmalıdır, kiminsə tabeçiliyində olmamalıyam” aspektindən yanaşır, təəssüf ki, ailədə olan qarşılıqlı münasibətləri tabeçilik kimi anlayırlar. Əslində isə belə deyil. Kişi və qadının bir-birinə münasibətləri, qarşılıqlı anlaşmaları əvvəlcədən yaradılmalı, bir-birilərinin xarakterini qəbullanmalıdırlar. Ailə qurmazdan öncə zövqlər, düşüncələr üst-üstə düşməlidir. İndiki gənc ailələr məhz bu nüansları nəzərə almadıqları üçün qısa müddətdə uzlaşma pozulur, kiçik konfliktlər yaranır, sonra isə böhranlı bir ailə dönəminə gəlib çıxır. Sonu da boşanma ilə nəticələnir”.
Psixoloq deyib ki, qadınların hüquqlarını qoruya bilmələri, hətta bunu tələb etmələri düzgün yanaşmadır: “Çünki əks halda qadınlarımız daim şiddət, ağır reaksiyalarla üzləşirlər. Yaxşı olardı ki, hər kəs cins olaraq - qadın və kişi öhdəsinə düşən davranışlara düzgün riayət etsin. Qadına qadağalar qoyub onları idarə etməklə, incitməklə, “kişiyəm, mən deyən olmalıdır” aspektindən yanaşaraq məhdudiyyətlər qoymaq düzgün deyil. Mental dəyərlər dediyimiz ənənələr get-gedə reallığını itirir. Amma keçmiş nəsildən qalanlar da var, onlar həqiqətən də sırf ənənəyə sadiq qalaraq ailələrini qorumağa çalışırlar. Yaxşı olardı ki, böyük-kiçik münasibətlərində sağlam qarşılıqlı anlaşma qurulsun. Yaşlı nəslin fikirləri artıq əvvəlki kimi deyil. Gənc nəsillə yaşlı nəsil arasında müəyyən bir ahəng yaradılmalıdır. Yaşlı nəsil başa düşməlidir ki, dövran, düşüncələr, həyata yanaşma artıq dəyişib. Bunun üçün də ortaq məxrəcə gəlmək lazımdır”.

