Politoloq Zərdüşt Əlizadə sualları cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, Azərbaycan ATƏT-in Minsk Qrupundan imtina edib. Rusiyanın bu təşkilatla bağlı mövqeyi bəllidir. Fransa da Minsk Qrupunun fəaliyyətinə loyal yanaşır. Belə olan halda ABŞ-ın Minsk Qrupunu ölü zonadan çıxarmaq üçün israrını necə baş düşmək olar?
- ATƏT-in Minsk Qrupunun nədən ibarət olduğunu biz özümüz üçün aydın etməliyik. Bundan sonra biləcəyik ki, nə üçün bəzi qüvvələr ondan əl çəkmək istəmir. Məsələ ondadır ki, Qarabağ münaqişəsi başlayandan sonra Rusiyanın hərbi-siyasi dəstəyi və Qərbin mənəvi-siyasi himayəsi altında bu təşkilat prosesə qoşuldu. Onlar Ermənistan və Azərbaycanda olan hərc-mərclikdən, hakimiyyətsizlikdən, başıpozuqluqdan, təxribatçı, dağıdıcı qüvvələrin olmasından sui-istifadə edərək Azərbaycanın Qarabağ bölgəsini ələ keçirdilər. Bu, qanunsuz hərəkət idi. Amma Qərb dövlətləri və Rusiya buna dəstək verirdi. Çünki siyasətşünaslıqda bir həqiqət var ki, hər hansı bir bölgəni tənzimlənən etnik-ərazi münaqişəsi vasitəsi ilə idarə etmək çox asandır.
Məhz bu minvalla da Qarabağ münaqişəsi donduruldu. Bu, vasitəçilərin köməyi ilə tənzimlənən münaqişəyə çevrildi. Bununla da Rusiya və Qərb bölgəni nəzarətdə saxlamağa başladı. Beləliklə, iş 44 günlük müharibəyə qədər gəlib çatdı. Müharibə isə Qarabağın ermənilər yaşayan hissəsinə rus sülhməramlılarının yerləşdirilməsi ilə yekunlaşdı. Əməli olaraq Rusiya bölgədə yeganə tənzimləyici qüvvəyə çevrildi. Lakin digər imperialist dövlətlər - Fransa və Amerika bu vəziyyətlə razılaşmadılar. Onlar çalışdılar ki, həmin bölgəni yenidən nəzarətə götürsünlər. Bunu də tənzimlənən münaqişə vasitəsi ilə etməyə başladılar. Ona görə də, Minsk Qrupunun “qaldığını”, Ermənistanla status hüququndan və sair danışırlar. Sözsüz ki, bunların hamısı qondarma iddialardır.
- Bu hallara cavab vermək üçün Azərbaycanın hansı hüquqi və taktiki imkanları mövcuddur?
- Azərbaycanın buna cavab verməsi üçün bir neçə imkanı var. Onlardan biri erməni tərəfi ilə qısa zamanda sülhə nail olmaqdan ibarətdir. Bununla da prosesi yekunlaşdırmaq olar. Bundan sonra isə Azərbaycanla Ermənistan birgə mövqe ortaya qoya bilər ki, bizim aramızda vasitəçilərə ehtiyac yoxdur. Eyni zamanda diplomatik yolla da buna nail olmaq mümkündür. Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-ə məktub ünvanlayıb onlara nəcib səylərinə görə təşəkkür edə bilər. Həmin məktubda qeyd olunar ki, bundan sonra Azərbaycan keçmiş münaqişə tərəfi kimi hər hansı bir vasitəçinin, təşkilatın, qrupun xidmətinə ehtiyac duymur. Bununla da rəsmi olaraq Minsk Qrupundan imtina edilmiş olar. Eyni zamanda üç ölkənin Rusiya, Fransa və ABŞ-ın xarici işlər nazirlərinə də məktub ünvanlanaraq qeyd edilər ki, Azərbaycan artıq münaqişəni bitmiş hesab edir, vasitəçiyə də ehtiyac duymur. Bu, sözsüz ki, diplomatik bir yanaşmadır.