BURADA REKLAMINIZ OLA
BİLƏR

DGK sədrinin sabiq müavini: "Gömrükdəki çoxpilləli ödəmə sistemi rüşvətin alınmasına şərait yaradır"

“Adətən hər hansı bir qurumda həbslər başlayırsa, rəhbər istefaya getmir. İstintaqın nəticəsini gözləyir. Hər halda, Dövlət Təhlükəsizliyi Xidməti hansısa bir quruma əsassız girib, təhqiqat aparmır. Ən azı yaxın 3 ay ərzində müşhidələr aparıb, müşahidələr əsasında bu qənaətə gəlib. Dövlət Gömrük Komitəsində, yəqin ki, dövlətin təhlükəsizliyinə müəyyən mənada mane ola biləcək, təhlükəsizliyi təmin etməyən hansısa məsələ olub, DTX də məsələni nəzarətə götürüb, çox ciddi məşğul olur. Təbii ki, bu, xoş bir hal deyil. Vaxtilə Gömrük Komitəsində çalışmışam. Bu, orada çalışan istənilən şəxs üçün xoş deyil. Müasir dövrdə, təəssüf ki, bəzi işçilər DGK-nın adına çox ciddi ləkə gətirirlər. Həm sahibkarlarla dövlət arasında uçurumu dərinləşdirirlər, həm daxili bazarda inhisarçılığa səbəb olur, eyni zamanda birdən-birə varlanmaq eşqinə düşürlər. Nəticədə bu cür vəziyyət yaranır. Belə halda gömrük sahəsinə baxan sədr müavinləri normal ölkələrdə adətən istefa verirlər. Təəssüf ki, Azərbaycanda belə istefa mədəniyyəti yoxdur. Sədr yox, nəzarətə götürülən məsələlər hansı müavinin kurasiyasındadırsa, həmin şəxs mütləq istefa verməlidir. Çünki o, işə nəzarət edə bilməyib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin sabiq birinci müavini, professor Cümşüd Nuriyev deyib.

O qeyd edib ki, DTX-nin saxladığı DGK işçiləri sıravi şəxslər deyillər: ““Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov… Bu şəxslərə nəzarət edənlər kimlərdir? Rəis müavini tutulubsa, rəis də işdən çıxarılmalıdır. Ən azı istefa verməlidir. Yaxud da istintaq bitənədək Səfər Mehdiyev həmin sahənin kurasiyasına baxan bütün adamları vəzifədən kənarlaşdırmaldır. Təkcə sədr müavini Prezidentin səlahiyyətindədir... Onsuz da istintaq nəticəsində onlara gəlib çıxacaqlar. Həmin adamlar özbaşına deyillər ki… Gömrüyün Daxili Təhlükəsizlik Xidməti hara baxırdı? Bütün bu şöbə rəhbərləri də vəzifədən kənarlaşdırılmalıdırlar. Ən rahat yolu budur”.

 

C.Nuriyev deyib ki, gömrük orqanları ilə bağlı həmişə şikayətlər olur: “Şikayətlərin bir hissəsi əsassızdır. Çünki Azərbaycanda biznesin əlifbasını belə bilməyən adamlar kimlərinsə pulu ilə biznes qurmaq istəyirlər. Bu adamın da səviyyəsi olmadığına görə onun arxasında duran oliqarx açıb özünü göstərə bilmir. Dini müstəviyə çəkmədən desək, bu, haram yolla əldə olunan puldur. Dünyaca məşhur Adam Smit deyir: “Normal sahibkar öz pulu ilə biznes qurmaz. O, mütləq pulu borc götürməlidir. Çünki borca görə həm başı yaxşı işləyəcək, həm borcunu qaytarmağa çalışacaq, həm də işini yaxşı quracaq”. Azərbaycanda normal biznesmen də görmürəm. Rəhmətlik Heydər Əliyev demişkən: “Biləcəri enişindən sonra heç birinin adı yoxdur”. Ölkədə bir-iki iri holdinqi çıxmaq şərti ilə, tanınan hansı markamız var? Belə bir şey yoxdur. Normal biznesmenimiz də yoxdur. Bizneslə məşğul olanlar ya oliqraxların uşaqları, qohum-əqrəbalarıdır, ya da dövlət məmurları”.

 

O bildirib ki, DGK-da inhisarçılıq çox yüksəkdir: “Ancaq burda DGK-nı günahlandırmaq da düzgün deyil. Həm gülməlidir, həm ağlamalı. Azərbaycanda idxala ya generallar nəzarət edir, ya hansısa nazir, onun qohum-əqrəbası…burada da DGK heç nə edə bilmir. Bütün bunlarla yanaşı, DGK-da baş verən hər hansı hüquq pozuntusuna görə, təbii ki, Komitənin rəhbərliyi məsuliyyət daşıyır. DGK dövlətin iqtisadi təhlükəsizliyini təmin edən orqandır. Ancaq hökumətin bu sahədə hər hansı konsepsiyası yoxdur. Gömrükdə mövcud olan çoxpilləli ödəmə sistemi rüşvətin alınmasına şərait, hüquqi boşluq yaradır. Gömrük işçisi də bundan yararlanmaq istəyir. Gömrük rüsumlarının dərəcələrini Nazirlər Kabineti müəyyən edir. Nə qədər ki, NK-nın gömrük sahəsində konsepsiyası yoxdur, Azərbaycanda gömrük elə bu cür də olacaq. Burada işçilərin günahı yoxdur. Onlar üçün hansı konsepsiya irəli sürülsə, onu icra edirlər. Media da düşüb gömrük orqanlarının üstünə. Gömrük vergiləri birmənalı şəkildə Milli Məclisdə təsdiqlənib. Rüsumlar da hökumət tərəfindən təsdiq olunur. Gömrük orqanı özündən nə vergi, nə rüsum qoya bilir. Qanunda boşluq olanda yararlanırlar. Azərbaycanlıyıq, biz o işləri yaxşı bacarırıq. Nəyi bilməsək də, o sahədə peşəkarıq...”

 

Aytəkin Qardaşova


Tarix: 2 İyul 2022, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin