Milli Məclisin deputatı Aydın Mirzəzadənin ötən gün paylaşdığı status sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Deputat nəvəsini Səbail rayonunda yerləşən parklardan birinə aparıb. Orada uşaq attraksionunda pilləkənin sol tutacağının laxladığını gördüyünü və bu problemin aradan qaldırılması üçün Səbail rayon icra başçısının humanitar məsələlər üzrə müavini Kəmalə xanıma zəng etdiyini bildirib. O, daha sonra sözügedən statusunu silib. Sosial şəbəkə istifadəçiləri deputatın daha önəmli işlər görməli olduğunu bildirərək onu tənqid ediblər.
Pravda.az xəbər verir ki, məsələ ilə bağlı Aydın Mirzəzadə "Unikal"a açıqlama verib: "Mən səhifəmdə gördüyüm bütün işlərlə bağlı paylaşım edirəm. Həm gördüyüm böyük işlər, görüşlər və o cümlədən bu cür statuslar da yazıram. Təəssüf edirəm ki, bəzi insanlar böyük işlərə qiymət vermirlər, amma xırda bir məsələni şişirdirlər. Məgər, deputat haradasa xırda bir qüsurun olduğunu görəndə göz yumub getməlidir? Mən nəvəmlə həmin attraksionda olanda orada 10 nəfər valideyn var idi, amma onların heç biri həmin pilləkənin tutacağının laxladığına əhəmiyyət vermədilər. Hansı ki, onlar müvafiq qurumlara müraciət edə, və yaxud sosial şəbəkədə bu barədə yaza bilərdilər. Nəyə görə belə ictimai biganəlik var?