BURADA REKLAMINIZ OLA
BİLƏR

Qulu Məhərrəmli: “Şou aparıcılarında belə bir təsəvvür yaranıb ki, studiya ilə çayxana arasında fərq olmamalıdır”

“Zaman-zaman televiziyadakı aparıcıların işi ön plana gəlir. Bəzən isə təəssüf ki, bu, heç də xoş vəziyyətlərlə əlaqəli olmur. Ümumiyyətlə, televiziya aparıcılarından danışanda, onları üç kateqoriyaya bölmək lazımdır. Birincisi xəbər aparıcılarıdır. Bu sahədə ciddi uğurlarımız var, çünki kifayət qədər yaxşı xəbər aparıcılarına sahibik. Onlar materialları yaxşı oxuyur və təqdim etməyi bacarırlar. Hər hansı problemimiz yoxdur. İkinci kateqoriyaya aid aparıcıları analitik verilişlər və ictimai müzakirə tipli proqramlarda görmək olar. Bu sahədə olan aparıcılar da çalışırlar ki, təkmilləşsinlər və problemləri həll etməyi bacarsınlar. Bunlar göz önündə olan proseslərdir”.

 

Bunu Pravda.az-a açıqlamasında əməkdar jurnalist Qulu Məhərrəmli deyib.

 

Q.Məhərrəmli qeyd edib ki, ən ciddi problem şou proqramlarının aparıcılarındadır: “Televiziyalarımızda mövcud olan nöqsanların çoxu məhz şou proqramları və aparıcıları ilə bağlıdır. Şou proqramını aparmaq heç də asan bir iş deyil. Təəssüf ki, bu istiqamətdə aparıcılar haqqında ürəklə danışmaq olmur. Vaxtilə Murad Dadaşov kimi güclü, yüksək səviyyəli şou aparıcıları vardı. Azər Axşam, Dilarə Əliyeva da yüksək səviyyəli şou aparıcılarımızdan hesab olunurlar. Təəssüf ki, bu nəsil inkişaf etməyib. Yəni hazırda şou sahəsində müəyyən çətinliklər və problemlər var. Aparıcıların heç də hamısı tamaşaçıları qane etmir. Əlbəttə, bunun obyektiv və subyektiv səbəbləri var. Ən ciddi problem aparıcıların verilişə hazırlaşmamasıdır. İkinci mənfi nüans isə özlərini həddindən artıq dərəcədə sərbəst hiss etməsidir. Sərbəstlik yaxşı keyfiyyətdir, amma müəyyən bir ölçüsü və həddi olmalıdır. Şou aparıcılarında nədənsə belə bir təsəvvür yaranıb ki, sanki studiya ilə mətbəx və çayxana arasında fərq olmamalıdır. Yəni indi belə yalnış bir yanaşma var. Nöqsanların da əksəriyyəti məhz buradan qaynaqlanır. Qarşısını almaq lazımdır. Rejissorlar, prodüserlər, ümumiyyətlə, televiziya rəhbərliyi tərəfindən aparıcılara qarşı ciddi tələblər irəli sürülməli, nəzarət olunmalıdır. Əlbəttə, etik qaydaların gözlənilməsi ilə bağlı nəzarətdən söhbət gedir. Yaradıclıq sərbəstliyi hamıda və hər yerdə olmalıdır, ancaq aparıcının həddindən artıq sərbəstliyi ümumi olaraq televiziya kanalını gözdən salır”.

 

Leyla Yusubova

Tarix: 5 İyul 2022, 13:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin