BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Xaricdəki bloqerlər də Milli Şuranın üzvlərini kəskin tənqid etməyə başlayıblar”

“Bütün hakimiyyətlərin içərisində ən yaxşısı güclü hakimiyyətdir. Hakimiyyət zəif olanda dövlətin və xalqın qarşısına çox böyük bəlalar çıxır. Bu gün Azərbaycanın ictimai-siyasi sabitliyinin kökündə dayanan fundamental səbəb hakimiyyətin güclü olmasıdır. Hakimiyyət ona görə güclüdür ki, arxasında xalq dayanır. Xalq-hakimiyyət birliyi mövcuddur. Xalq öz Prezidentini birmənalı şəkildə dəstəkləyir, Prezident də məhz xalqın milli mənafeyindən irəli gələn, müstəqil milli maraqlara söykənən siyasəti həyata keçirir. Hər bir dövlətin iqtidarı da var, müalifəti də. Azərbaycan müxalifəti də tərkib hissəsi baxımından yekcins deyil, onun tərkibində konstruktiv kəsim də var. O kəsim ki, ümummilli məsələrdə ortaq mövqedən çıxış edə bilir və Vətən Müharibəsi dövründə bir daha simasını ortaya qoydu. Söhbət dövlətdən, dövlətçilikdən, Vətənin müdafiəsindən getdikdə, dövlətçiliyin, iqtidarın yanında oldular. Təəssüf ki, müxalifətin radikal kəsimi də var. Onlar hikkəli, iddialıdırlar, ambisiyaları ilə imkanları tamamilə bir-birinə tərs mütənasibdir. Özlərini “ana müxalifət” adlandırırlar…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, dövlət, millət, xalq üçün nə yaxşıdırsa, “ana müxalifət” üçün pis, nə pisdirsə, “ana müxalifət” üçün yaxşıdır: “Bu məntiqlə çıxış edirlər. Bu gün də dolayısıyla etiraf edirlər ki, artıq xalq onları heç bir halda dəstəkləmir. Bugünkü radikal müxalifətin sabahkı günə də inamı yoxdur. Çünki onların ardınca heç kim getmir. İqtidar mitinq keçirmək üçün onlara Bakının ərazi baxımından ən böyük rayonu olan Qaradağda yer ayırıb. Amma onlar mitinqə getmirlər. Radikal müxalifətin “lideri” iddiasında olan şəxslər var. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli... Çox böyük ambisiyalarla çıxış edirlər. Təsəvvür edin, ilk dəfədir ki, bu gün Azərbaycan iqtidarına qarşı çox kəskin, qərəzli mövqedə dayanan, böhtan ifrazıyla məşğul olan, xaricdə məskunlaşmış bloqerlərin özləri belə artıq Milli Şuranın üzvlərini kəskin tənqid etməyə başlayıblar. Onları ətalətdə, xalq arasında heç bir nüfuzlarının olmamasında ittiham edirlər. Açıq şəkildə göstərirlər ki, bu gün Əli Kərimli çıxış edəndə “Youtube” kanalında və digər sosial şəbəkə seqmentlərində ona cəmi 1500-2000 nəfər qulaq asır. Bu gün həmin bloqerlər istehza ilə gülürlər. Hansı ki, elə onlar da Əli Kərimli ilə əslində eyni cəbhədə dayanırlar. Gülürlər ki, artıq bugünkü radikal müxalifətin, “ana müxalifət”in heç bir gücü qalmayıb. Onlar elə köhnə əyyamlarda olduğu kimi fəaliyyət göstərirlər”.

 

Deputat bildirib ki, dünyada hər şey dəyişir, amma Azərbaycan müxalifətinin təfəkkürü dəyişmir: “Ancaq yalan, iftira atmaqla məğuldurlar. Bu gün Azərbaycan xalqı axı necə Gültəkin Hacıbəyliyə etimad göstərsin? Ona necə etibar etsin? Necə öz taleyini ona tapşırsın ki, Gültəkin Hacıbəyli Azərbaycan neftinin qiyməti 1 barreli 15 dollara düşəndə, həmkarı Cəmil Həsənliyə gözaydınlığı verirdi… Ondan muştuluq istəyirdi. Deyird ki, “Cəmil müəllim, muştuluğumu verin, xəbəriniz var, Azərbaycan neftinin 1 barreli 15 dollara düşüb?” Cəmil Həsənli isə qarşılığında qəribə bir təbəssümlə, qoy bu təbəssümün açılışını oxucularımız özləri versinlər, deyirdi ki, “gözləyin, gözləyin, 1 barrel neftin qiyməti sıfıra enəndə, sizin yaxşıca muştuluğunuzu verəcəyəm, birlikdə bir-birimizə gözaydınlığı verərik”. Bax, budur onların mahiyyəti. Məqsədləri odur ki, xalqın güzəranı daha da pisləşsin, sosial durumu ağırlaşsın, sabahkı günə inamı itsin, ac-yalavac yaşasın. Bu hal onlar üçün yaxşıdır, özlərini çox rahat hiss edirlər, reallaşması sıfıra bərabər olan ambisiyalarının həyata keçirilməsi üçün münbit şərait yarandığını hesab edirlər. Bax, budur onların əsil xisləti. Xalqın da gözü tərəzidir. Xalqımız bütün bunları görür. Ona görə də anti-milli şuranın üzvləri hakimiyyət iddialarının gerçəkləşdiyini ancaq yuxularında görərlər. Xalqımızın bu yerdə yaxşı bir misalı var: “Ac toyuq yuxusunda darı görər…”

 

Aytəkin Qardaşova

Tarix: 5 İyul 2022, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin