BURADA REKLAMINIZ OLA
BİLƏR

“Cəmiyyətdə jurnalistin reputasiyasına hörmət olunmalıdır”

“Qəzet baş redaktoru kimi fəaliyyət göstərmişəm və müxtəlif beynəlxalq media qurumlarında çalışmışam. Ancaq heç vaxt özümə sayt yaratmaq ağlımdan keçməyib. Bu, mağaza açmaq, yaxud “Qonşuda varsa, məndə də olsun” məsələsi deyil”.

 

Bu fikirləri AzTV-nin efirində çıxış edən Media Agentliyinin şöbə müdiri Natiq Məmmədli səsləndirib. O, jurnalistikanın rahat bir peşə olmadığına diqqət çəkib: “Media mühitinin sağlamlaşdırılması o deməkdir ki, yuxarıda qeyd etdiyimiz düşüncə və stereotip sıradan çıxsın. Agentliyin keçirdiyi müsabiqələrin nəticəsində media quruluşunun sanbalı, ölçüsü və dəyəri müəyyənləşir. Azərbaycan cəmiyyətində jurnalist sözünə inam və etibar yaranmalıdır. Jurnalistin reputasiyasına hörmət olunmalıdır. Bizim çox ciddi və güclü, eləcə də heç bir etik standartları gözləməyən rəqiblərimiz var. Bunlar sosial şəbəkələrdə oturan qeyri-peşəkar medialardır. Eyni zamanda jurnalistikanın özü böyük bir təhdid altındadır. Gələcəkdə bizim jurnalistika ilə necə məşğul olacağımızı düşünürəm”.

 

 

Natiq Məmmədli çıxışını məşhur bir fikirdən sitat gətirməklə davam etdirib: ““Pul ardınca qaçmaq mədəniyyətin əsas ideallarından mədəniyyəti uzaqlaşdırıb”. Biznes subyekti kimi yanaşsaq, eyni fikiri biz mediaya da aid edə bilərik. Dövlətin göstərdiyi dəstəyin mahiyyəti Azərbaycan dilində və ictimai-dövlət maraqlarından irəli gələn mövzularda məqalələr yazmağı təşviq etməkdir. Deməli, dövlətin dəstəyi eyni zamanda dilimizə göstərilən diqqətdir. Ancaq xüsusi vurğulamaq istəyirəm ki, Agentliyin verdiyi məbləğə arxayın olub media subyekti yaratmaq sevdasına düşməsinlər. Media bir biznes subyektidir. Azərbaycan dövləti xırda orta və iri sahibkarlara necə yanaşırsa, onun media subyektlərinə də eyni cür münasibət sərgiləyir. Biz tövsiyə edirik ki, ictimai maraqlardan irəli gələn mövzuları işıqlandırsınlar. Bunun üçün Media Agentliyi olaraq müəyyən mənada təşviqedici addımlar atırıq. Eləcə də jurnalistlərin informasiya çıxışını daha da yaxşı etmək üçün səy göstəririk. Amma bütövlükdə bu, medianın üzərinə düşən bir məsələdir”.

 

Hesabatlılıq məsələsinə gəlincə isə Media Agentliyinin rəsmisi bunları deyib: “Biz vəsaiti media subyektlərinə verdikdən sonra da kifayət qədər ciddi və əhatəli monitorinq həyata keçiririk. Bu vəsaitlərin media qurumlarının əmək münasibətlərinə necə təsir göstərdiyini analiz edirik. Biz media qurumunun ofisinin olması haqda tələb qoymuşuq. Eyni zamanda jurnalistlərin gəlirləri və vergiləri qaydasında olmalıdır. Bu, məsələnin hüquqi-inzibati tərəfidir. Peşəkarlıq məsələsinə gəlincə isə burada söhbət 20 materialdan gedir. Bu, sadəcə say göstəricisi deyil. Hər hansı bir sayt və ya qəzet özünün minimum 20 materialını hazırlamalıdır. Bu, özəl xəbər anlamına gəlmir. Media subyektinin özünün müsahibəsi, məqaləsi, şou xəbəri, fotoreportajı, oçerki və sair materialı olmalıdır. “Copy-paste jurnalistikası” ilə məşğul olan media subyektləri monitorinqlər nəticəsində dərhal üzə çıxır və biz onlara xəbərdarlıq edirik. Keçən müsabiqədə də kifayət qədər ciddi monitorinqlər aparıldı və biz həmin media subyektlərinin reputasiyasına hörmətlə yanaşaraq ad çəkmədik və elan etmədik. Ancaq kifayət qədər maliyyə sanksiyası tətbiq etdiyimiz və ciddi danışıqlar apardığımız media subyektləri oldu”.

 

Natiq Məmmədli saytların dizaynında və qəzetlərin tərtibatında müəyyən dəyişikliklərin olduğunu əlavə edib: “Bizim dəstəyimizdən sonra bir sıra saytlar yenidən dizayn olunub. Qəzetlərin tərtibatı dəyişib. Dövlətin yanaşması redaksiya siyasətinə qarışmadan ictimai maraqlardan irəli gələn mövzuların işıqlandırılmasını təmin etməkdir. Elə medianın fəlsəfəsi də ictimai maraqlardan çıxış etməsidir. Düşünürük ki, bütün bu məsələlərlə dövlətin dəstəyi və onun ictimai sifarişi üst-üstə düşür. Media cəmiyyət qarşısında reputasiyanı özü  qazanmalı, jurnalist isə etimadını özü doğrultmalıdır. Dövlətin media sahəsində fəaliyyətinin məqsədi fikir müxtəlifliyinə, fəaliyyət sərbəstliyinə nail olmaq və bunu təmin etməkdir”.

Tarix: 5 İyul 2022, 15:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin