BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını "Land Rover" markalı avtomobillə vurub daha sonra bıçaqlayaraq öldürən şəxs məhkəmə qarşısında

Goranboyda arvadını maşınla vurub daha sonra bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Mehman Süleymanovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 14-nə təyin edilib.

 

Qeyd: Hadisə bu il martın 24-də Goranboy rayonunun Dəliməmmədli kəndində baş verib. Belə ki, həmin gün saat 14 radələrində 1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Faxrəddin qızının öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, eləcə də zəruri cinayət-prosessual hərəkətlər icra edilib. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Mehman Süleymanov idarə etdiyi "Land Rover Discovery" markalı avtomobillə saat 13 radələrində rayonun Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında öldürmək niyyəti ilə 1 ildir faktiki olaraq ayrı yaşadığı arvadı Əfsanəni vurub, daha sonra avtomobilində gəzdirdiyi mətbəx bıçağı ilə ona bir neçə kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mehman Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin törədilməsində istifadə olunmuş bıçaq sonuncudan götürülüb.

 

Xatırlatma: 1977-ci il təvəllüdlü Mehman Süleymanov bir il əvvəl həyat yoldaşı Əfsanə Məmmədovadan ayrılsa da, rəsmi boşanmayıb. Cütlüyün birgə nikahdan iki oğlu, bir qızı var. Ə.Məmmədova bir il əvvəl uşaqları ilə birlikdə Goranboy rayonunun Dəliməmmədli kəndinə, atasının evinə gəlib. Ayrı qaldıqları müddətdə M.Süleymanov bir neçə dəfə həmin kəndə gələrək uşaqları ilə görüşüb. Məlumata görə, M.Süleymanov Novruz bayramı ilə əlaqədar uşaqlarını gəzməyə aparmaq istəyib. Lakin Ə.Məmmədova buna etiraz edib və uşaqların atası ilə getməsini istəməyib. Bu il martın 23-də M.Süleymanov Goranboy rayonuna gələrək uşaqlarını həyat yoldaşından tələb etsə də, qadın uşaqları gizlədib.

 

Martın 24-də M. Süleymanov yenidən kəndə gəlib uşaqlarını istəyib. Ə.Məmmədova növbəti dəfə ona rədd cavabı verib. Həmin gün günorta radələrində Ə.Məmmədova Dəliməmmədli kəndində atasının evindən çıxarkən qəfil M.Süleymanovla rastlaşıb. M.Süleymanov ondan uşaqlarının yerini soruşanda Ə.Məmmədova ona rədd cavabı verib və aralarında mübahisə yaranıb. Qadın M.Süleymanovdan ayrılaraq qaçmağa başlayıb. M.Süleymanov isə dərhal idarə etdiyi "Land Rover" markalı avtomobilinə oturaraq qadını avtomobillə qovub. O, Dəliməmmədli musiqi məktəbinin qarşısında qadını maşınla vurub. Hadisə nəticəsində Ə.Məmmədova ağır xəsarətlər alsa da, M.Süleymanov bununla sakitləşməyib. O, avtomobilində olan bıçaqla qadına bir neçə zərbə endirərək qətlə yetirib. Hadisəni törədən M.Süleymanov Bakı şəhərində sahibkarlıqla məşğul olurmuş. Kifayət qədər imkanlı olan Mahirin Bakıda 2 mebel sexi, mağazaları, Yevlax şəhərində isə ticarət cərgəsi var.

 

Kamal Məmmədov

Tarix: 6 İyul 2022, 08:14   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin