İran İnqilabı Keşikçiləri Qvardiyası (SEPAH) Böyük Britaniyanın Tehrandakı səfirinin müavini Caylz Uitakeri və bir neçə xarici ölkə diplomatını casusluq ittihamı ilə saxlayıb.
Məlumatı “Farsnews” yayıb.
Bildirilib ki, diplomatlar İranın Kerman əyalətində Şahdad çölündə torpaq nümunəsi götürərkən tutulublar. Qvardiyanın kəşfiyyat xidməti hadisənin video-görüntüsünü də yayıb.
“Böyük Britaniya səfirinin müavini ailəsi ilə birlikdə turist kimi Şahdad çölünə səyahət edib. Ancaq videodan məlum olur ki, o, bu ərazidə torpaq nümunəsi toplayıb”, - məlumat qeyd olunub.
Qeyd olunub ki, İrana elmi mübadilə adı altında səfər etmiş polşalı alim Matsyen Valçak da saxlanılıb. O, da turist adı ilə Şahdad çölündə olub.