“Birinci Qarabağ müharibəsində də, Vətən Müharibəsində də ərazi bütövlüyümüz, suverenliyimiz, müstəqilliyimiz, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda etmiş şəhidlərimiz, o cümlədən qazilərimiz bizim üçün müqəddəsdir. Dövlət səviyyəsində onlara hər zaman diqqət və qayğı göstərilir. Bu həssas qrupa aid olan insanlar Azərbaycan xalqının da sevgisi, diqqəti ilə əhatə olunublar. Təəssüf ki, bir qrup qaragüruh qüvvələr qazilərimizdən çirkin niyyətləri üçün istifadə edirlər. Hətta bəziləri qazilərimizə qarşı etik davranış qaydalarını pozaraq onları alçaltmağa çalışırlar. Belələrindən biri də “Kim Tv”nin rəhbəri Adil Qafarovdur. O, qazilərimizi küçələrə çıxmağa səsləyib. Kimlər küçəyə çıxmırsa, onların səsinə səs vermirsə, həmin qaziləri “müti” adlandırıb. Əlbəttə, qazilərimiz belələrinin yanında yer almırlar, bundan sonra da yer almayacaqlar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, bir qrup qazi təhqirlərə görə Abid Qafarovu məhkəməyə verib: “Onlar Abid Qafarovun həbsini tələb edirlər. Radikal qüvvələr, xüsusən antimilli “xəyanətkarlar şurası”nın üzvləri, Ermənistanın ölkəmizdəki qeyri-rəsmi səfirliyi funksiyasını yerinə yetirən AXCP sədri Əli Kərimli, o cümlədən ermənipərəst Tofiq Yaqublu dərhal Abid Qafarovun müdafiəsinə qalxıblar. Ortada hələ heç bir şey yoxdur, məhkəmə qərarı da… “Milli xəyanətkarlar şurası”nın üzvləri Əli Kərimli və Tofiq Yaqublu deyirlər ki, guya Abid Qafarov “Tərtər işi” ilə bağlı müəyyən fikirlər səsləndirdiyinə görə “müti” sözünü bəhanə edərək qazilər vasitəsilə onu həbs etdirmək istəyirlər. Bu, çox absurd, gülməli bir fikirdir. Birincisi, qazilərimizi heç kim təhqir edə bilməz. Qazilərimiz hüquqi ölkədə yaşadıqları üçün hüquqi addım ataraq məhkəməyə müraciət ediblər. Onları təhqir edən Abid Qafarova dayaq olan Əli Kərimli və Tofiq Yaqublu bununla bir daha əsl simalarını nümayiş etdirirlər. Çünki həmin qazilər Azərbaycan torpaqlarını elə onların havadarları olan ermənilərdən azad ediblər. Abid Qafarov bir neçə qazini yoldan çıxararaq öz ətrafında birləşdirib, o cümlədən digər qaziləri təhqir edib. Belə məsələlərdə məhz qazilərdən istifadə olunması yolverilməzdir! Onun etdikləri özbaşınalıqdır. Təsəvvür edin, deyir ki, “qazilərdən istifadə etməyin, 5 manatlıq üzə duranları göndərin”. Burada təhqir də səsləndirib, etika naminə vurğulamıram. Bu insan məhkəmədə hal şahidi olanları belə, təhqir edir. Buna “dur” deyən lazımdır. Məhkəmə sistemi müstəqildir, küçə ifadələri ilə prosesi ləngidə bilməz. Qanunun tələbi nədirsə, o da həyata keçiriləcək...”
Aytəkin Qardaşova