İyulun 7-də Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibdə birinci iclası keçirilib.
Pravda.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev iclası giriş sözü ilə açaraq, Azərbaycanda müasir dövlət qulluğu sisteminin yaradılmasının, demokratik, hüquqi və ədalət prinsiplərinə əsaslanaraq inkişaf etdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd olunub ki, dövlət qulluğunun müasir tələblərə uyğun təşkilində və yüksəkixtisaslı, peşəkar milli kadrların hazırlanmasında Ulu Öndərin zəngin idarəçilik təcrübəsi başlıca rol oynayıb. 2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ölkəmizdə dövlət qulluğu sahəsində münasibətlərin, bu sferada çalışan şəxslərin hüquqi vəziyyəti ilə bağlı məsələlərin tənzimlənməsində mühüm addım olub.
Bildirilib ki, dövlət idarəçiliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və müasir çağırışlara cavab verən standartların tətbiqi, milli kadr potensialının inkişaf etdirilməsi, dövlət qulluğunda keyfiyyətin və səmərəliliyin yüksəldilməsinə xidmət edən məqsədyönlü kadr islahatlarının reallaşdırılması məsələləri Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti dövlət qulluğunda yüksək peşəkarlığa, fərdi bacarığa, təşəbbüskarlığa xüsusi önəm verərək, mənəvi-əxlaqi dəyərlərə, etik davranış qaydalarına riayət olunmasını, dövlət orqanlarının (qurumlarının), dövlət qulluqçularının fəaliyyətinə, qəbul olunmuş qərarların tam və düzgün icrasına ciddi nəzarət edilməsini əsas vəzifə kimi müəyyənləşdirib.