Neft bitəndən sonra nə edəcəyik? - Qərb, yoxsa Rusiya...
Maraqlı hadisələr baş verir: Rusiya Şərqi Avropada (Ukraynada) sürətlə irəliləyir, amma siyasi müstəvidə Cənubi Qafqazı itirir. ABŞ-ın Cənubi Qafqazda ciddi şəkildə aktivləşməsi Rusiya-İran birliyinin yeni modelini də ortaya qoyub. Azərbaycanın Türkiyə vasitəsilə Qərbə yaxınlaşmasını Rusiya və İran özünün maraqlarına zidd hesab edir. Diqqət ediriksə, Rusiya və İran Azərbaycanı birgə “vurur”.
Regionda və dünyada baş verən proseslər o qədər həssas hal alıb ki, kifayət qədər ehtiyatlı və təmkinli davranmaqdan başqa yolumuz yoxdur. Türkiyədə belə bir fikir var ki, Azərbaycanı Rusiyadan qoruya bilərik, amma İrandan yox! Ciddi və düşündürücü məsələdir.
- Azərbaycan Qərb üçün əsasən enerji amilinə, təbii sərvətlərinə görə cəlbedicidir. Demokratik “dəyərlər”in təşviqi digər ölkələr kimi, Azərbaycana da təzyiq vasitəsidir. Azərbaycan neft-qazı istismar ediləndən sonra ölkənin Qərb üçün cəlbedici heç bir xüsusiyyəti də qalmayacaq. Hesablamalara görə, 2024-cü ildə neft gəlirləri kəskin şəkildə azalacaq, 2035-2040-cı illərdə isə neft ehtiyatları əhəmiyyətli dərəcədə tükənəcək.
- Azərbaycan Rusiya üçün təkcə enerji amilinə, təbii sərvətlərə görə yox, həm də coğrafi, strateji mövqeyinə, tarixi xəritəsinə görə cəlbedicidir. Rusiya imperializmi Belarus, Ukrayna, Moldova kimi Cənubi Qafqazı da öz ərazisi hesab edir. Bizim 15-20 il zamanımız var, əgər bu müddət ərzində ölkəni ayaqüstə saxlaya biləcək və neftdən asılı olmayan güclü iqtisadiyyat yaratmasaq, bu, Qərbin bizdən könüllü qopması, Rusiyanın təcavüzü ilə nəticələnə bilər. Bu gün neft ehtiyatları bizə ciddi manevr imkanları qazandırıb, sabah neft-qaz olmayandan sonra iqtisadi-siyasi müstəqilliyimizi də itirmək təhlükəsi ilə üz-üzə dayana bilərik.