“Mitinqlərin keçirilmə qaydaları qanunla təsbit olunub. Kimsə icazəsiz mitinq keçirirsə, bu, qanun pozuntusudur və qanunla həmin şəxslər cəzalandırılmalıdırlar. Çünki bütün mitinqlər, aksiyalar müvafiq qurumlarla razılaşdırılmış yerlərdə keçirilməlidir. Bu da ictimai asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Milli Şuranın Nazirlər Kabinetinin qarşısında keçirməyi planlaşdırdığı mitinq guya quru sərhədlərin bağlanmasına görədir. Əvvəla quru sərhədlərin açılması Milli Şura üçün o qədər də maraqlı məsələ deyil. Onlar, sadəcə, camaatın zəif nöqtəsindən istifadə edərək mitinq üçün mövzu yaratmaq istəyirlər. Məgər Milli Şuranın üzvləri üçün quru sərhədlər belə maraqlıdır? Bu, bir az gülməli səslənir. Çünki onlar üçün nə quru sərhəddən keçmək lazımdır, nə quru sərhədlə gəlmək... Xalqın da quru sərhəddən keçib-keçməməsi heç də onlar üçün önəmli deyil, necə ki heç vaxt önəmli olmayıb”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.