Bakıda qadına qarşı dələduzluq etməkdə təqsirləndirilən Qızılgül Musayevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasımın vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Q.Musayevan paytaxt sakini Fəridə Quliyeva qarşı ümumilikdə 92 min manatlıq dələduzluq edib.
Belə ki, o, “Nərimanov” metro stansiyası yaxınlığında yerləşən binadan kreditlə ev almaq üçün qohumu Q.Musayevaya 2018-ci ildə ilkin olaraq 15 min manat verib. Daha sonra hər ay iki min manat həmin şəxsə pul ödəyib.
2020-ci ildə isə Q.Musayeva F.Quliyevaya həmin binadan ev əvəzinə iaşə obyekti almağı məsləhət görüb. Bu məqsədlə zərərçəkmişdən əlavə 15 min manat da pul alıb. Aldadıldığını görən F.Quliyeva Nərimanov Rayon Polis İdarəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq edən Q.Musayeva saxlanılıb.
İstintaq zamanı məlum olub ki, Q.Musayeva dələduzluqla əldə etdiyi pulu qızıl alveri ilə məşğul olan tanışına verib. Niyyəti xaricdən qızıl gətirib baha qiymətə satmaq olub.
Dəymiş ziyan tam olaraq zərərçəkmişə ödətdirilib.
Kamal Məmmədov