Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Azərbaycan diasporunun gələcəyi parlaqdır, həyata keçirilən işlərin müsbət nəticələrini daha çox hiss edəcəyik" - RƏY

1 058
Paylaş:
"Azərbaycan diasporunun gələcəyi parlaqdır, həyata keçirilən işlərin müsbət nəticələrini daha çox hiss edəcəyik" -           RƏY

Diaspor quruculuğu sahəsində dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycan ilə əlaqələrini genişləndirməkdən ibarətdir. Müstəqil Azərbaycan tarixən müxtəlif ictimai-siyasi və mədəni proseslər nəticəsində dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün fəxarət, mənəvi dayaq və güvənc yerinə çevrilib. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq və mütəşəkkil qüvvə təşkil etmək səylərinə ciddi fikir verir.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Pravda.az-a bildirib ki, Azərbaycanda diaspor quruculuğu ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başladılmış prosesdir:

“Ümummilli lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra xarici ölkələrə səfərlərində protokol görüşlərindən əlavə olaraq, orada məskunlaşmış soydaşlarımızla müxtəlif görüşlər keçirirdi. O vaxta qədər Azərbaycan diasporunun, azərbaycanlıların xaricdə bir yerə toplanması ilə bağlı konkret hərəkat nəzərə çarpmırdı. 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının Qurultayı keçirildi. Bundan sonra artıq dövlətin qayğısı nəticəsində 50-dən çox ölkədə yaşayan azərbaycanlılardan ibarət diaspor təşkilatları formalaşmağa başladı. Hər məsələdə olduğu kimi, bu prosesdə də başlanğıc çətin oldu. Dünyada dövlətlərarası münasibətlər sistemində diasporların, lobbi təşkilatlarının da özünəməxsus yeri, əhəmiyyəti var. Xalqların bir-birinə yaxınlaşması, Azərbaycan həqiqətlərinin dünyaya, müxtəlif ölkələrdə yaşayan insanlara çatdırılması, xalqımızın milli mənəvi dəyərlərinin, mədəniyyətinin, tarixinin təbliği diaspor təşkilatları qarşısında qoyulmuş vəzifə idi. Ötən dövr göstərdi ki, Azərbaycanın formalaşmış diaspor təşkilatları var. Əvvəllər pərakəndə şəkildə olsa da, indi artıq vahid mərkəzdən idarə olunan diaspor təşkilatları fəaliyyət göstərir. Əgər 44 günlük müharibə və ondan sonrakı proseslərə diqqət yetirsək, görərik ki, ABŞ-da, Avropada və dünyanın müxtəlif ölkələrində yüz ildən artıq bir dövrdə oturuşmuş erməni lobbisinə, diaspor təşkilatlarına qarşı Azərbaycan diaspor təşkilatları kifayət qədər effektiv mübarizə apardı. Bir çox hallarda say baxımından az olmağımıza baxmayaraq, soydaşlarımız ermənilərə qarşı yetərincə cəsarətli, prinsipial, qətiyyətli mövqe tutdular. Gələcəkdə də o ölkələrdə yaşayan gənclərimizin, yeni nəsil azərbaycanlıların həmin ölkələrin ictimai-siyasi həyatına daha yaxından inteqrasiya etməsi, o ölkələrin ictimai-siyasi həyatında daha əhəmiyyətli rol oynaması və konkret olaraq seçkili orqanlarda işləməsi üçün xüsusi konsepsiya mövcuddur. Bu istiqamətdə Azərbaycan dövləti iş aparır. Son illər Diasporla İş üzrə Dövlət Komitəsində aparılan kadr dəyişikliyi bu məsələlərə ciddi təkan verdi və əvvəllər mövcud olmuş müəyyən nöqsanlar aradan qaldırıldı. Azərbaycan diasporunun gələcəyi parlaqdır, apardığı işin müsbət nəticələrini daha çox hiss edəcəyik. Diaspor təşkilatlarının fəaliyyətləri çərçivəsində lobbi təşkilatlarının da mövcudluğu qaçılmazdır. Gələcəkdə Azərbaycanın dostlarının sayının get-gedə artmasının şahidi olacağıq. Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasət özünü tam doğruldur, gələcəkdə də daha güclü Azərbaycan dövləti olması üçün lazımi tədbirlər görülür”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qeyd edib ki, diaspor quruculuğu məsələsi Azərbaycan dövləti üçün önəmli istiqamətlərdən biridir:

“Xarici siyasətimizdə enerji faktoru ilə yanaşı, diaspor resurslarımızın potensialından səmərəli şəkildə istifadə edə bilərik. Çünki azərbaycanlılar dünyada çox böyük saya malikdirlər. Müxtəlif ölkələrdə, xüsusən MDB məkanında, qonşu ölkələrdə azərbaycanlıların sayı kifayət qədər çoxdur. Rusiya, Gürcüstan və İrandakı azərbaycanlılardan danışırıqsa, onlar diaspor deyil, yerli əhalidirlər. Biz eyni zamanda Rusiyanın bir çox bölgələrində, Ukraynada, Mərkəzi Asiya, Şərqi Avropa ölkələrindəki, Avropa İttifaqının əsas mərkəzi ölkələrindən olan Almaniyadakı, Belçikadakı diasporlarda azərbaycanlıların kütləvi halda olmasını xüsusi qeyd edə bilərik. Əlbəttə, görüləsi işlər çoxdur. Diasporun siyasiləşməsi, sosiallaşması, fəaliyyət göstərdiyi ölkədəki proseslərə inteqrasiyası vacibdir. Baxmayaraq ki, azərbaycanlıların sayı kifayət qədər çoxdur, bəzən görürük, bu məsələlərdə müxtəlif kazuslar ortaya çıxır. Bütün bu hallar aradan qaldırılmalıdır. Yaxşı olardı ki, xarici ölkələrdə diplomatik nümayəndəliklər, diaspor təşkilatları, eyni zamanda ayrı-ayrı aidiyyəti qurumlar bu məsələlərə sistemli, koordinasiyalı şəkildə yanaşsınlar və ortaq hədəfləri ortaya qoysunlar. Koordinasya olmaması ilə yanaşı, bəzi hallarda bir-biriləri üçün maneəçilik törətmələrinin də şahidi oluruq”.

Z.Məmmədov bildirib ki, lobbi qruplar, təşkilatlar Qərb ölkələrində leqal olaraq fəaliyyət göstərirlər: “Qanunvericilikdə buna icazə var. Əlbəttə ki, bizə yaxın olan müxtəlif lobbi təşkilatları da mövcuddur. Onlar Azərbaycanın maraqlarının lobbiçiliyi ilə məşğul olurlar. Xüsusən ABŞ-da və ayrı-ayrı Qərb ölkələrində bu və ya digər yahudi lobbi təşkilatlarının adını çəkə bilərik. Bu, dünyada tam leqal, qanuni bir haldır. Nəinki diasporlar, eyni zamanda iri kampaniyalar, şirkətlər, dövlətlər bundan istifadə edirlər. Biz diasporların potensialından gələcəkdə də istifadə etməyi bacarmalıyıq. Həmin diaspor təşkilatları yerli siyasi proseslərə, media sektoruna, QHT-lərə inteqrasiya olmalıdırlar. Onlar bunu, təbii ki, öz gücləri ilə nümayiş etdirməlidirlər. Azərbaycan dövləti dünyada, bəlkə də yeganə dövlətdir ki, xaricdəki diaspor təşkilatlarına kömək edir, maliyyə yardımı göstərir, onlara hər cür dəstək verir. Biz dünyanın ən güclü diasporlarından sayılan yahudi və erməni diasporunda bunun tam əksini görürük. Diasporlar həm də öz dövlətlərinə kömək edirlər. Bizdə isə fərqlidir, bu, olduqca vacib haldır. Diasporda təşkilatlanma və işin gücləndirilməsi istiqamətində dövlət tərəfindən mühüm addımlar atılmışdı. İndi artıq növbə yerlərdəki, xarici ölkələrdəki diaspor liderlərinə qalıb. Onlar bu məsuliyyəti lazımi cəhətdən yerinə yetirməlidirlər. Bəzən eyni şəhərdə bir neçə diaspor təşkilatlarını görürük. Yaxşı olardı, onlar həmrəy şəkildə fəaliyyət göstərsinlər, yeni iş prinsiplərinə hazır olduqlarını nümayiş etdirsinlər. Prinsip etibarilə əvvəllər bizdə diasporların üzvləri arasında dar sosial qruplar vardısa, bu gün artıq şaxələndirilmiş sosial qrupları, xüsusilə mütəşəkkil, dünyanın qabaqcıl ali təhsil müəssisələrini bitirmiş, peşəkar gəncləri görürük. Düşünürəm, onlar diasporların işlərinin gücləndirilməsinə töhfələrini verəcəklər".

Siyasi şərhçi Teymur Qasımlı isə deyib ki, diaspora yunan sözü olub “sağa-sola dağılmaq” mənasını verir:

Politoloq: “Rusiyanın dövlət rəhbərləri çox aqressivləşiblər, hədlərini  aşırlar” » Siam.az

"Bu sözün kökü Romaya, Yunanıstana gedib çıxır. Açıqlaması isə bir xalqın, toplumun başqa ölkədə yaşaması deməkdir. Azərbaycan diasporu əsasən Birinci Dünya müharibəsindən sonra formalaşmağa başladı. Məsələn, həmin dönəmdə Türkiyə ərazisində Azərbaycan kökənli insanlar yaşayıb. Müstəqillik qazandıqdan sonra, yəni 1991-ci ildən sonra Azərbaycan diasporunun fəaliyyəti inkişaf etdi. Vətəndaşlarımız ABŞ-a, Avropanın bir çox ölkələrinə, Türkiyəyə mühacirət edərək orda yaşadılar. Lakin azərbaycanlıların ən çox üstünlük təşkil etdiyi ölkə Rusiyadır. Orda 2 milyondan çox azərbaycanlı yaşayır. Təəssüf ki, diasporumuz Ermənistanla müqayisədə bir qədər geridədir. Ermənilər Latın Amerikası, Avropa və digər ölkələrdə üstünlük təşkil edirlər”.

Politoloq bildirib ki, Diasporlarla İş üzrə Dövlət Komitəsi son illər, xüsusən 44 günlük Vətən Müharibəsində mühüm işlər görüb: “Əvvəlki dövrlərlə müqayisədə diasporumuzda inkişaf var. Türkiyədə və digər ölkələrdə Vətən Müharibəsi, Xocalı soyqırımının tanıdılması ilə bağlı Azərbaycan diasporu mühüm işlər görüb, layihələr həyata keçirib. Düşünürəm, bundan sonra da Azərbaycan diasporu inkişaf edəcək, fəaliyyəti genişlənəcək. İstənilən ölkədə Azərbaycan diasporu güc sahibi olmalı, siyasiləşməlidir. Necə ki ABŞ-da birinci yəhudilər, ikinci ermənilər, üçüncü yunan, dördüncü Polşa diasporudursa, Azərbaycan diasporunun da önəmli və güc sahibi olacağına inanıram. Bundan sonrakı proseslərdə ciddi irəliləyişlər olmalıdır. Xüsusən xaricdə yaşayan azərbaycanlılar bununla bağlı töhvələrini verməli, dəstək olmalıdırlar".

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər