Milli Məclisin deputatı Jalə Əliyeva “Bayramda ailəlikcə qurban kəsmirik” açıqlamasından sonra kabab bişirilən zaman çəkilən fotosunun paylaşılmasına və yaranan müzakirələrə münasibət bildirib.
J.Əliyeva Pravda.az-a açıqlamasında deyib ki, onun üçün adət-ənənələr, milli-mənəvi dəyərlər bütün zamanlarda həyatının ən əhəmiyyətli amili olub.
Deputat qeyd edib ki, müəyyən təhriflərlə yayılan və müzakirəyə səbəb olan xəbərin əsli, ilkin qaynaqla mediada var: ““Biz qurban kəsmirik” başqa anlama gəlir. Bu, fərdi xarakterli bir qərardır. Amma “kəsməyin əleyhinəyik” çox fərqli bir şeydir. Mənim dilimdən belə bir ifadə çıxmayıb. Hər halda müsahibəmin səs yazısı da həmin media qurumunda var. Onlar da elə “kəsmirik” yazıblar. Feyk xəbərdə isə “əleyhinəyik” kimi gedib, bu da bir az narahatlıq doğurub. Fikirlərimizin tam olaraq nədən ibarət olduğu ilə maraqlananlar, buyurub, tanış ola bilərlər. Sosial şəbəkədə paylaşılan şəkil 12 il deyil, tam 29 il öncə, gənclik dönəmimdə çəkilib. 12 il əvvəl, 2010-cu ildə mətbuatda dərc edilib. Böyük canfəşanlıqla internetdə axtarış verən “qəhrəmanlar”, sadəcə, xəbərin tarixini şəklin çəkilmə tarixi kimi “anlayıblar”. Bu məntiqlə körpəliyimin də əks olunduğu həmin məqalədəki şəkillərin üzərinə 12 il gəlsək, o zaman indi 12 yaşım var... Bir məqamı da unutmayaq, insan hər yaş dönəmində həyatı və dünyanı fərqli yönlərdən qavrayır və dərk edir. Hər halda bunu başqa bir qaragüruha yozmağın anlamı yoxdur. Allah hidayətini üzərimizdən əskik etməsin. Amin!”
Aytəkin Qardaşova