“Azərbaycan sosialyönümlü dövlətdir. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mütəmadi olaraq şəhid ailələri, qazilərlə, Vətən Müharibəsi iştirakçıları ilə görüşür, onların qayğıları ilə maraqlanır, lazımi tapşırıqlarını verirlər. Təbii ki, Vətən Müharibəsindən sonra Azərbaycan qalib dövlət, müzəffər xalqdır. Qəhrəman, igid övladlarımız canlarından keçərək bu torpağı düşmən tapdağından azad etdilər. Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz tarix yazdı. Hər bir qazinin, müharibə iştirakçısının bütün problemlərinin həlli üçün zaman tələb edir. Bu cür həssas kateqoriyadan olan insanlar həm dövlətin, həm ictimai təşkilatların, iş adamlarının, sadə vətəndaşlarımızın qayğısı ilə əhatələniblər, onlara mütəmadi dəstək göstərilir. Təəssüf ki, özünü müxalifət adlandıran radikal qüvvələrin həm ölkəmizdə, həm xaricdə belə həssas məsələlərdən manipulyasiya etmək cəhdləri görünür. Bu, həqiqi mənada təəssüf dorğurur, yolverilməzdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, insanların hissiyatı ilə oynamaq və bunu siyasi məsələyə çevirmək cinayətdir: “Hazırda Azərbaycan çox böyük titanik, quruculuq, bərpa işləri görür. Ölkəmiz böyük bir ərazidə həm minalardan təmizləmə prosesini həyata keçirir, həm kəndlər, şəhərlər qurur, infrastruktur layihələri icra edir. Bütün bunların hər biri böyük vəsait, ağıl, səbir tələb edir. Bu gün Azərbaycan XXI əsrdə dünyanın nadir ölkələrindən biridir ki, bunların hər birini eyni anda bacarır, dünyaya bir nümunədir. Azərbaycan xalqı ölkə rəhbərinin ətrafında sıx birləşib. Bu cür taleyüklü məsələlərin həll olunmasında hamı əlbirdir, “dəmir yumruq” formasında birləşib. Özünü müxalifət adlandıran qurumlar, şəxslər, təəssüf ki, belə həssas məsələlərdə siyasi dividend qazanmaq istəyirlər. Bunların hər biri əbəsdir. Dəfələrlə artıq bu cəhdlər taleyin sınağından çıxıb və onlar bu işə başlamamışdan artıq məğlubiyyətə məhkum olublar. Bu gün ölkəmizdə Vətən Müharibəsi iştirakçılarına, qazilərə, dövlət, hökumət səviyyəsində dəstək verilir. Milli Məclisin deputatları, yerli icra hakimiyyəti orqanları, siravi vətəndaşlar imkanları daxilində bu kateqoriyadan olan insanlarla bir yerdədirlər. Onların bütün qayğıları ilə maraqlanırlar. Xüsusi günlərdə, bayramlarda hər bir qazi, şəhid ailəsinə diqqət ayrılır, tədbirlərə dəvət olunurlar. Onların hər biri bu diqqətə, qayğıya layiq insanlardırlar. Belə həssas məqamlarda siyasi xal qazanmaq arzusunda olanlar yanlış yoldadırlar. Elə onların bu hərəkətlərini də Azərbaycan xalqı özü görür və qınayır. Hər birimiz də qınamalıyıq. Çünki qalib xalqımız dünyada öz adına dastan yazıb. Bizə belə cılız məsələlər yaraşmır. Hər birimiz dövlət başçısının yürütdüyü siyasəti dəstəkləməliyik. Qəhramanlarımızın, şəhid ailələrimizin, qazilərimizin yanında olmalı, onların qayğısına qalmalı, Azərbaycanımızı daha da işıqlı gələcəyə birgə aparmalıyıq”.
Aytəkin Qardaşova