Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.
Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə icra olunur:
"Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyektlərin inşası uğurla davam etdirilir, eləcə də digər zəruri tədbirlər görülür.
Döyüş növbətçiliyi aparan şəxsi heyətin rahat xidmət aparmasını təmin etmək məqsədilə ehtiyat qida və əmlakın saxlanması üçün anbarlar, yataqxanalar, tibb məntəqələri, lazımi mətbəx avadanlıqları ilə tam təchiz olunan yeməkxanalar, asudə və xidməti otaqlar və digər obyektlər mövcuddur. Hərbi şəhərciklər mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və dayanıqlı rabitə, eləcə də fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlarla təchiz olunub.