Elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, hətta insanların zövqünün belə formalaşmasında, ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətdə mühüm rol oynayır. Əgər həmin proqramlar cəmiyyətin həyatında mühüm rol oynayırsa, deməli, onların inkişaf etdirilməsi, icrası olduqca vacib məsələ hesab olunur və bu proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsi ləngiməməlidir.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev Pravda.az-a açıqlamasında bildirib ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarının icrası barədə yalnız mətbuat, sosial şəbəkələr vasitəsilə tanış olmaq olur, başqa imkanlar yoxdur:

“Son dövrlər elm və təhsil sahəsində proqramların icrası bir millət vəkili, Komitənin üzvü kimi məni qane etmir. Çünki həmin proqramların tətbiqi, maarifçilik missiyası yoxdur. Qapalılıq amili bu işlərə qiymət verməkdə həddən artıq çətinliklər yaradır. Bu proqramların elanı qapalı ola bilməz. Bu, dövlətin vəsaitidir. Vergilərimizin hesabına formalaşan vəsaitdir. Hər hansı nazirin, komitə sədrinin şəxsi vəsaiti deyil ki, onu qapalı şəkildə istədiyi şəxslə, adamlarla bölüşür. Bu barədə Milli Məclisdəki çıxışlarımda da demişəm. Xahiş etmişəm, konkret bir neçə proqramın dəqiq auditi aparılsın. Təhsil, elm sahəsində audit aparılsın ki, bunların əhəmiyyəti nə olub? Vəsait nəticəyönümlümü xərclənib? Hesablama Palatasının son hesabatında bunu görmədim. Hər halda dövlətimiz proqramlara vəsait ayırırsa, mütləq ictimai nəzarət və şəffaflıq olmalıdır. Dosta, tanışa, heç kimin tanımadığı təşkilatlara küllü miqdarda vəsaitin verilməsi bu proqramların normal şəkildə icrasına çox ciddi maneələr yaradır”.
Təhsil eksperti Kamran Əsədov bildirib ki elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarının inkişaf etdirilməsi çox vacibdir:

“Cəmiyyətimiz yeniliyə, liberallığa açıq bir toplum kimi tanınır. Dünyada çox az xalq var ki, bu qədər yeniliyə meyillidir. Azərbaycan insanı hər zaman çalışır ki, dünyada mövcud olan yeni texnologiyalardan istifadə etsin, həm özünün, ailəsinin, həm də toplumun inkişafına nələrsə verə bilsin. Əlbəttə, bu, yaxşıdır. Lakin mənfi tərəfləri də çoxdur. Hər hansı texnologiya, yeni siyasi, ictimai, sosial, elit amillər Azərbaycana xaricdən gəlir. Özümüzün yaratdığımız nələrsə yoxdur. Və ya bizim insanın yaratdığı ilklər, təəssüf ki, yalnız Avropada və digər ölkələrdə uğur qazandıqdan sonra Azərbaycana xarici texnologiya formatında gəlib çıxır. Məsələn, Lütfi Zadənin “Qeyri-səlis məntiq nəzəriyyəsi” və ya gənclərimizin iri şirkətlərdə gördüyü yeniliklər… Bu da onunla bağlıdır ki, Azərbaycan cəmiyyəti, əfsus ki, bünövrədə intellektual deyil. Yəni mütaliə etməklə elə də arası yoxdur, eləcə də dərsliklərin, elmi kitabların səviyyəsi qənaətedici deyil”.
K.Əsədov deyib ki, elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində hazırlanan proqramlar, ortaya qoyulan sənədlər mükəmməl olsa da, onların icrasında problemlər var: “Bu proqramlarda əks olunanların gerçəkləşməsi icra prosesində ləngidiyinə, ya da adekvat olmadığına görə narazılıqlar yaranır. Bu da həmin layihələrin, proqramların normal qəbul olunmasına maneə törədir. Bütün hallarda çox zaman problem proqramların icrası zamanı yaşanır. Məsələ burasındadır ki, indi televiziya və radio da öz növbəsində daha geniş imkanlar təklif edir. Üstəlik internet resurslarından burada da istifadə mümkündür. Kommersiya xarakterli proqramlara televiziya və radiolarda daha geniş diqqət ayrılması əvəzinə, məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına yer ayrıla bilər. Bunun da müsbət nəticəsi təkzib edilə bilməz. Şübhəsiz ki, kitabın, kitabxananın, elmin, mədəniyyətin təbliğinə televiziyalar xüsusi yer ayırmalı, şou xarakterli proqramların əvəzinə, kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar təqdim olunmalıdır. Vətən Müharibəsində Azərbaycanın zəfərindən sonra davamlı elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir. Cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir, edəcək də. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünya görüşü artırılmalı, savadlanmalı, istər Azərbaycan cəmiyyəti, istərsə də bütövlükdə dünya ictimaiyyəti hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi, hətta yenilərinin hazırlanması aktuallığını qoruyur. Qələbənin təmin olunmasında, az qala 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad olunmasnda, ərazi bütövlüyümüzün bərpa edilməsində, tarixi ədalətin bərpasında Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının oynadığı rol, həmrəyliyi, Ordumuzun rəşadəti, mübariz ruhu və s. məsələlər artıq proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalı, buna çox ciddi şəkildə xüsusi önəm verilməlidir. Proqramların hazırlanmasında mütəxəsis yanaşması, rəyi mütləq nəzərə alınmalı, ailmlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir. Bu, əldə etdiyimiz zəfərdən sonra daxil olduğumuz yeni mərhələdə, post-konfilikt dövründə və bundan sonra həmrəyliyimizin və birliyimizin daha da güclənməsinə öz ciddi töhfəsini vermiş olsun. Bu proqramların səviyyəsini çox yüksək qiymətləndirirəm. Rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin nümunəsində deyə bilərəm ki, təşkil etdiyimiz beynəlxalq və yerli səviyyəli tədbirlərin proqramlarını hazırlayarkən həm beynəlxalq təcrübə öyrənilir, həm də konkret tədbirin mövzusuna uyğun şəkildə proqramlar hazırlanır. Əlbəttə ki, bu proqramlar peşəkar mütəxəssislər tərəfindən ərsəyə gətirilir. Azərbaycanda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması səviyyəsi pis deyil, qənaətbəxş saymaq olar. Bu sahələr üzrə daha istedadlı, savadlı, qabiliyyətli şəxslərin layiq olduqları yerdə olub öz çalışmaları ilə Azərbaycan cəmiyyətinə töhfə verməsinə şərait yaratmaq lazımdır. Bir çox hallarda görürük ki, proqramların icrası zamanı bu işin həvalə edildiyi müəssisələr, qurumlar prosesə peşəkarları cəlb etmək əvəzinə, öz qohum-əqrabalarını, rəhbərliyə yaxın olan şəxsləri cəlb edirlər. Onlar müxtəlif korparativ maraqlardan çıxış edirlər və onlara yaxın olan şəxsləri bu proseslərdə önə çəkməyə çalışırlar. Təbii ki, bu da zaman-zaman müxtəlif problemlərə gətirib çıxarır. Əsl istedadlar, savadlı şəxslər, xüsusən də gənclər proqramların icrası zamanı kənarda saxlandıqlarını görürük, onlardan yararlanmağa kimlərsə maneə törədirlər. Problem buradan qaynaqlanır. Heç olmasa toplum 20-30 faizi intellektə malik olmalı, daim bilgilərini artırmalı, yeniliyə açıq olmalı, yalnız romanlar, şeirlər, dünya ədəbiyyatını mütaliə etmək deyil, elmi sahəyə də maraq göstərməlidir. Həmçinin elmdə, incəsənətdə böyük rəqabət olmalıdır. Zamanında alimlərimiz, bəstəkarlarımız, incəsənət xadimləri arasında böyük rəqabət olmuşdu. İndi bu rəqabətlər, səs-küylü müzakirələr, beyin döyüşmələri, həmlələri yoxdur. Halbuki bütün dünyada bu mövcuddur, ona görə də həmin ölkələrin cəmiyyəti çox gözəl inkişaf edir. Çox sayda, bir-birinə rəqib olan beyin mərkəzləri yaratmaq lazımdır ki, onlar cəmiyyəti tərpədə bilsin”.
Ekspert Elçin Əfəndi isə qeyd edib ki, elmi-kütləvi, mədəni-maarif, təhsil istiqamətində hazırlanan proqamlar qaneedici deyil:

“Bu proqramların aidiyyəti qurumlar tərəfindən müvafiq təcrübəyə əsaslanması vacibdir. Biz isə hazırda tam başqa hal müşahidə edirik. İstər orta, istərsə də ali təhsil müəssilərində tətbiq olunan proqramlar mövcud durumla ziddiyyət təşkil edir. Tamamilə bir-birinin əksidir. Baloniya sisteminə salınan ali təhsil müəssisələrində bu sistemdən əsər-əlamət yoxdur. Orta ümumtəhsil müəssisələrində kuriklium sistemi tətbiq olunur, amma təəssüf ki, müəllimlərin bu istiqamətdə bilik və bacarıqları kifayət qədər yüksək deyil. Elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində çatışmazlıqlar var. Bu istiqamətdə hazırlanan proqramlar təkmilləşdirməlidir. Həmçinin müəllimlər üçün də müvafiq təlimlər keçirməliyik ki, lazım olan bilik və bacarıqları əldə etsinlər”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova
