Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Azərbaycan öz ərazisində anti-terror əməliyyatları keçirə bilər”

1 144
Paylaş:
Deputat: “Azərbaycan öz ərazisində anti-terror əməliyyatları keçirə bilər”

“Cənab Prezident İlham Əliyev ötən gün keçirdiyi müşavirədə müharibədən 1 il 8 ay keçməsinə baxmayaraq, hələ də Ermənistan silahlı dəstələrinin Azərbaycan torpaqlarından çıxarılmamasının mənfi hal olduğunu bildirdi. İyun ayına qədər erməni silahlı dəstələrinin Azərbaycan ərazilərini tərk edəcəklərinə dair verilmiş sözün tutulmaması, Ermənistanın prosesləri uzatması istər-istəməz bizi və region dövlətlərini narahat edir. Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Hansısa ciddi addımlar atıla bilər, atılmalıdır. Xüsusilə Qarabağda rus sülhməramlılarının fəaliyyəti heç də ürəkaçan deyil. Onlar faktiki olaraq erməni silahlı dəstələrinin ərazilərimizdən çıxarılmasını ləngidirlər. Ermənilər də hansısa dəstək, isti münasibət gördükləri üçün Qarabağı tərk etməyə tələsmirlər. İstənilən halda Ermənistan prosesləri çox uzada bilməyəcək. Düşünürəm, növbəti ayda baş tutacaq çox vacib görüşlər zamanı daha real olaraq vəziyyəti analiz edə biləcəyik”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat deyib ki, Cənab Prezidentin də bildirdiyi kimi, Ordunu daha da gücləndirməliyik: “Azərbaycan hökuməti tərəfindən təxirəsalınmaz işlər həyata keçilib, yeni müqavilələr bağlanıb, bunun əsasında ordumuzun inventarına müasir, yeni nəsil silahlar daxil ediləcək. Zabitlərin, əsgərlərin daha da professionallaşmaları üçün maddi-texniki bazaları gücləndiriləcək. Ötən dövrdə komando tipli yeni hərbi hissələr açılıb və bu cür hərbi hissələrin sayının artırılması nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan hər vəchlə çalışacaq ki, regional kommunikasiyaların açılması ən qısa zamanda reallaşsın. Xüsusilə Zəngəzur dəhlizinin işə düşməsi əsas hədəflərimizdəndir. Təəssüf ki, Ermənistan tərəfi bu məsələdə də ikili standartlardan çıxış edir. Görüşlər zamanı söz versə də, daha sonra real addımlar atmırlar. Əslində Ermənistan tərəfi üçtərəfli bəyanata uyğun öz öhdəliklərini yerinə yetirməyə məhkum olmuş tərəfdir, buna baxmayaraq, proseslər hələ uzanır”.

N.Həmzəyev bildirib ki, Azərbaycan müharibə istəməyib, bu gün də istəmir: “Vətən Müharibəsinin baş tutmasının səbəbi Ermənistanın sülh yolu ilə münaqişənin həllini istəməməsi idi. Əksinə, rəsmi İrəvan Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətini ortaya qoydu. Tovuz hadisələri buna misaldır. Ötən gün cənab Prezident bir daha vurğuladı ki, Ermənistan mövqeyini açıq ortaya qoymalıdır. Ən qısa zamanda qanunsuz erməni silahlı dəstələri torpaqlarımızı tərk etməlidir. Əks təqdirdə Azərbaycan yenidən “dəmir yumruğunu” işə salmaq məcburiyyətində qalacaq. Qalib dövlət olmağımıza baxmayaraq, Ermənsitana sülh təklifi edən ilk biz olmuşuq. Niyyətimizi sözdə yox, əməllərlə ortaya qoymuşuq. Müharibə istəmirik, amma çox gözəl anlayırıq ki, 44 günlük Vətən Müharibəsində zəfər qazanmağımızın və ərazi bütövlüyümüzün bərqərar olmasının təmin edilməsini öz gücümüzə reallaşdıra bildik. Türkiyə ordu modelinin yeni kiçik formasını Azərbaycanda qururuq. Ermənistan bundan düzgün nəticə çıxarsın. Ən qısa zamanda verdiyi vədləri yerinə yetirməlidir. Hesab edirəm, müharibə olmayacaq. Lakin Azərbaycan öz ərazisində anti-terror əməliyyatları keçirə, qanunsuz erməni silahlı dəstələrini uzaqlaşdıra bilər. Təhlükəsizliyimizi tam təmin etmək üçün bufer zona formalaşdıracağıq, erməni silahlı dəstələrinin ərazilərimizdən uzaq bir məsafədə saxlanılmasını təmin edəcəyik. Silahlı Qüvvələrimiz bütün sərhəd boyu strateji mövqelərdə möhkəmlənib. Buna görə də anti-terror əməliyyatları keçirmək o qədər də çətin olmayacaq. Bütün bunlar XİN rəhbərlərinin görüşündən sonra daha dəqiq bəlli olacaq. Növbəti ayda Brüsseldə nəzərdə tutulan görüş, həmçinin sərhədlərin tanınması ilə bağlı Komissiyanin görüşlərində bu məsələlərə aydınlıq gətiriləcək. Bizi qane edən real addımlar atılmasa, Azərbaycan tərəfi anti-terror əməliyyatları həyata keçirə bilər. Rus sülhməramlıları da missiyasını yerinə yetirməlidir. Onların mandatlarının artıq başa çatmasına elə çox vaxt qalmayıb, 5 ilin tamamında bütün proseslərin tamamilə yekunlaşmasına nail olmaq istəyirik”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər