Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub.
Pravda.az “Report”a istinadən xəbər verir ki, COVID-19-a gündəlik yoluxma ilə bağlı ən təhlükəli ölkələrin adlarının toplandığı siyahıda Fransa birinci yerdədir. Qərbi Avropa ölkəsində son sutkada 124 min 9 insan koronavirusa yoluxub. Fransa hökuməti gün ərzində COVID-19-dan ölüm hallarını hələ açıqlamayıb. Pandemiya ərzində ümumi yoluxma hallarına gəlincə, bu rəqəm 32 942 910 təşkil edir. Fransada ümumilikdə 150 576 nəfər koronavirusdan ölüb.
Dünyada koronavirusa gündəlik yoluxma baxımından ikinci ən təhlükəli ölkə Yaponiyadır. “Gündoğar ölkə”də son gün ərzində 99 291 nəfərdə COVID-19 aşkarlanıb, virus diaqnozu qoyulmuş 31 nəfər ölüb.
On minlərlə yoluxma halını əks etdirən siyahıda üçüncü yerdə İtaliya qərarlaşıb. Qərbi Avropanın bu ölkəsində təkcə son gün ərzində 89 830 nəfər koronavirusa yoluxub. İtaliya koronavirusdan gündəlik ölüm hallarının sayına görə digər ölkələri üstələyib. Belə ki, bu ölkədə son sutkada 111 nəfər COVID-19-dan ölüb.
Meksika da pandemiya baxımından təhlükəli ölkələr siyahısında ilk yerlərdən birini tutur. Son sutkada bu ölkədə 85 nəfər koronavirusdan ölüb, 34 567 nəfərdə COVID-19 aşkarlanıb.