Ali Məhkəmədə Hacıqabul rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan Abuzər Şükürlünün barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

İttihama görə, 2020-ci il avqustun 30-u saat 15 radələrində Hacıqabul rayon sakini Cavad Ataşovun bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı Abuzər Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Cavad Ataşovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Abuzər Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Abuzər Şükürlünün barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət materiallarında qeyd edilib ki, təqsirləndirilən şəxs instaqram sosial şəbəkəsindən qeydiyyatdan keçmiş hesabında kriminal avtoritetlərə aid fotoşəkil və videolar paylaşmasına tanışı olan zərərçəkmiş Cavad Ataşov irad tutub. Bundan sonra həmin şəxslərin aralarında mübahisə yaranıb.

İttihamda göstərilib ki, yaranmış narazılıqla əlaqədar 27 avqust 2020-ci il tarixdə, saat 10-11 radələrində aralarında baş vermiş mübahisə zamanı Nurlan Ağamalıyevin Abuzər Şükürlünü döyməsindən sonra zərərçəkmiş şəxs ona “səni sındırmışıq” deməsinə, təhqir etməsinə və bu barədə ortaq dostlarına bildirməsinə görə onun psixi-emosional vəziyyətində hirslilik yaranıb. Daha sonra Abuzər Şükürlü ilə Cavad Ataşov aralarında yaranmış şəxsi qərəzli münasibətlər zəminində o, zərərçəkmişdən qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib.

Hadisə günü saat 14:40-da o, instaqramda zərərçəkmiş şəxsə ismarıc yazaraq görüşə çağırıb. Abuzər yaşadığı evdə saxladığı zavod üsulu ilə hazırlanmış turist bıçağını götürüb Cavadla görüşüb. Daha sonra o, zərərçəkmiş şəxsi qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi bıçağı çıxarıb onun döş qəfəsinin sol tərəfinə (ürək nahiyəsinə) qəflətən bir zərbə endirib. Zərərçəkmiş şəxsin fəal müqavimətinə baxmayaraq, Abuzər ona daha iki dəfə də zərbə endirib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abuzər Şükürlü 5 il 7 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bu hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi apelyasiya şikayətini təmin etməyib.

Kamal Məmmədov