Ali Məhkəmədə səhlənkarlıqda təqsirləndirilən “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Doğum Şöbəsinin sabiq müdiri Rəfiqə Həmzeyavanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, məhkum ərizə ilə müraciət edib, özü və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirib.

Ali Məhkəmə onun ərizəsini təmin edib.
Qeyd: Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Bildirilib ki, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bu hökmdən narazı qalan məhkum və zərərçəkmiş tərəf apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi apelyasiya şikayətini təmin etməyib.

Rəfiqə Həmzeyavanın barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırlatma: Rəfiqə Həmzeyava 2010-cu ildə keçirilən parlament seçkilərində 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizəd olub. Həmin dairədən parlamentə Rəfail Hüseynov deputat seçilib.

Kamal Məmmədov