“Azərbaycan insanı xüsusilə də qadınlar, xarakterimizə uyğun geyimlər geyinməlidirlər. Yəni nə açıq-saçıq, nə də ki hədsiz örütülü olmalıdır. Köhnə şəkillərə, hətta iki yüz əvvəl çəkilən rəsm əsərlərinə baxırsan analarımızın, bacılarımızın, ümumiyyətlə, Azərbaycan qadınının necə yaxşı geyindiyini görürsən. Orta Asiya xalqlarına aid iki yüz il əvvəlki memuarlarda qeyd olunurdu ki, qazaxlar üzlərini örtmürlər, özbəklər, taciklər isə əksinə örtürlər. Yəni bu xalqların mentalitetləri fərqli olub, amma biz qafqazlı, azərbaycanlıyıq və burada türkdilli xalqlardan başqa, digər xalqlar da yaşayır, buna görə də Azərbaycanda vahid mentalitet formalaşıb. Azərbaycan mentalitetini qafqaz məğrurluğu, islam adətləri, xalqın tarixdən gələn köklü adətləri əmələ gətirib. Vaxtilə dahilərdən biri deyirdi ki, hər bir mədəniyyətdə iki mədəniyyət mövcuddur: elitar və proletar mədəniyyət. Bunlar isə fərqlənir. İndi bəzi varlı qadınlar hansısa geyimi geyinəndə deyirlər ki, nə yaxşı geyinib, amma kasıb geyinəndə deyirlər ki, yox, bu, düzgün adam deyil. Bu mədəniyyətin ikiləşməsindən və burada ikili baxışın hökm sürməsindən irəli gəlir. Həmişə tövsiyə etmişəm ki, Azərbayacan insanı xarakterinə uyğun geyinməli və davranmalıdır”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.