Vyetnama rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun Vyetnamın xarici işlər naziri Bui Thanh Son ilə görüşü keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi kökləri, hazırkı vəziyyəti və əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Vyetnam Sosialist Respublikasının qurucusu Ho Çi Minin vaxtilə Azərbaycana, Ulu Öndər Heydər Əliyevin Vyetnama etdiyi tarixi səfərləri xatırlanıb, bu münasibətlərin müasir zamanda da müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi qeyd olunub. Azərbaycan-Vyetnam arasında aparılan siyasi dialoqun yüksək səviyyədə qorunub saxlanılmasının, qarşılıqlı səfərlərin həyata keçirilməsinin, parlamentlərarası və iki ölkənin hakim partiyaları arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin, Azərbaycan və Vyetnam arasında beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş əsnasında Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edərək, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hər zaman dəstək verdiyinə görə Vyetnam tərəfinə təşəkkür ifadə edib.
Daha sonra Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Vyetnam tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Ha Kim Ngocun rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Görüş zamanı tərəflər Azərbaycan-Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin son illər ərzində bütün spektr üzrə inkişaf etdiyini vurğulayaraq, siyasi, ticarət və iqtisadiyyat, energetika, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi istiqamətində mövcud potensialı müzakirə edib. Həmçinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.