“İranın Ali Rəhbəri Seyid Əli Xamenei Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Zəngəzur dəhlizinə qarşı çıxıb. Bu dəhlizin açılması İranla Ermənistan arasında sərhədin bağlanması anlamına gəlməməlidir. Əksinə, dəhlizin açılması regionda kommunikasiya imkanlarını genişləndirir. Azərbaycan tərəfi təklif edib ki, 3+3 əməkdaşlıq formatı yaradılsın. Bu format gələcəkdə kommunikasiya imkanlarından da birgə istifadəyə imkan verəcək. Hesab edirəm, Zəngəzur dəhlizinin açılması heç bir halda İranı narahat edəcək yeni reallıqlar formalaşdırmayacaq. Əksinə, İran Azərbaycanın təklif etdiyi əməkdaşlıq platformasına qoşulmaqla bütövlükdə regionun kommunikasiya imkanlarından yararlana bilər. Bu imkanlar nə qədər sıx olsa, region ölkələri arasında da əməkdaşlıq bir o qədər sıx olar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, Azərbaycanın qonşu ölkələrlə mehriban münasibətləri var: “İranla Azərbaycan arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur. Hər zaman bu əlaqələr inkişaf etdirilir. Yaranacaq yeni kommunikasiya imkanları Azərbaycan İran əlaqələrinin daha da sıxlaşmasına xidmət edən amil kimi çıxış edəcək. Azərbaycan Vətən Müharibəsində Ermənistan üzərində qələbə çalıb. 2020-ci ilin 10 noyabrında Ermənistan üçün kapitulyasiya sənədi olan birgə bəyanat imzalanıb. Bu sənədin 9-cu maddəsinə əsasən, Qərb rayonları ilə Naxçıvan arasından Ermənistanın ərazisinə keçməklə Azərbaycanın nəqliyyat dəhlizi təmin olunmalıdır. Həmin torpaqlar tarixi Azərbaycan torpaqlarıdır. Beynəlxalq səviyyədə isə bu, Ermənistan əraziləri kimi tanınır. Eyni zamanda həmin dəhlizin təhlükəsizliyini Rusiya öz üzərinə götürüb. Bu baxımdan, dəhlizin açılması Rusiyanın da maraqlarına cavab verir. Ermənistan birgə bəyanata imza atmaqla, öz üzərinə öhdəlik götürüb. Mütləq şəkildə bu öhdəlik yerinə yetirilməlidir”.
Aytəkin Qardaşova