Azərbaycanın beynəlxalq əlaqələri günbəgün artmaqdadır. Ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvü kimi bu qurumların işində fəal iştirak edir, onun beynəlxalq aləmdə nüfuzu və yeri daha da möhkəmlənir.
Bu il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Bakıya rəsmi səfərə gəlib və bu səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edilməlidir ki, imzalanan Anlaşma Memorandumu Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığın gələcəyi üçün yol xəritəsidir. Azərbaycan müəllifi olduğu enerji layihələrini reallaşdırmaqla, tamamilə yeni, müasir avadanlıqlardan istifadə etməklə enerji ehtiyatlarının hasilatına və ixracın artırılmasına müvəffəq oldu. Perspektivli yataqların kəşfi, hasilatın artırılması əsas bazarımız olan Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Qitə dövlətlərində yaranan enerji böhranı Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbatı artırır.
İyulun 18-də imzalanan Memorandum tarixi sənəd olmaqla böyük əhəmiyyətə malikdir. İmzalanma mərasimindən sonra mətbuata bəyanatlarla çıxış edən Prezident İlham Əliyev və xanım Ursula Fon der Lyayen sənədi enerji sahəsində on beş ildən artıq davam edən ikitərəfli əməkdaşlığın məntiqi nəticəsi kimi dəyərləndirdilər. Hazırda Azərbaycanın təşəbbüsü, Avropa İttifaqının və enerji layihələrinin çəkilişində iştirak edən tərəfdaşların dəstəklədikləri neft-qaz kəmərləri qitənin enerji xəritəsini tamamilə dəyişir. Xəzəri Qara və Aralıq dənizləri ilə birləşdirən Bakı-Tbilisi- Ceyhan neft kəmərindən sonra 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəmərinin istismara verilməsi ilə böyük karbohidrogen potensialına malik ölkəmizin təbii qazı Avropaya çatdırılır.
