Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Təhsil Nazirliyi mərkəzləşmiş işə qəbul müsabiqələri keçirməyə qadirdir?

910
Paylaş:
Təhsil Nazirliyi mərkəzləşmiş işə qəbul müsabiqələri keçirməyə qadirdir?

“Uzun illər mərkəzləşmiş müsabiqələrin test imtahanı mərhələsinin suallarındakı səhvlər, imtahan seanslarındakı sualların çətinlik səviyyələrinin fərqliliyi və suallarının əvvəlcədən müdavimlərə dolayısı yolla ötürülməsi halları olub. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi zamanı müxtəlif vaxtlarda imtahanlarda istifadə edilən suallar arasında kəskin çətinlik fərqi sonda onun əsasında ədalətsiz dərs bölgüsü formasında özünü göstərdi. Sonrakı illərdə müəllimlərin işə qəbul müsabiqəsində səhv tərtib edilən 100-dən artıq sualın 30-a yaxınının rəsmən etiraf edilməsi halı yalnız müsabiqə iştirakçılarının kəskin etirazı nəticəsində mümkün olmuşdu. Keçən illərdə imtahan seansları arasında sualların çətinlik səviyyəsinin pik həddə yüksəlməsi və imtahan iştirakçılarının az qala üsyan etməsindən sonra yalnız bir halda nazirlik bunu etiraf etməyə özündə cürət tapa bilmişdi. Lakin uzun illər imtahan suallarının onu tərtib edənlər səviyyəsində təlimçilərə və kurslara bu və ya digər formada ötürülməsi onların səs yazısı ilə təsdiq edilsə də, nazirlik bu hala münasibət bildirmədi”.

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, bu halın imtahan verənlərin hansı sosial qrupuna təsiri məlum olmadığından kütləvi etiraz edə bilmədilər, Təhsil Nazirliyi  də buna göz yummağı daha üstün tutdu: “Nəhayət, bu il bir fənn üzrə keçirilən test imtahanı mərhələsində özəl kurslardan biri 3 sualı əvvəlcədən videoformatda ictimailəşdirdi. Bu fakt  qarşısında rəsmilər məcbur olub imtahana sualların ötürüldüyünü etiraf etdilər. Təhsil Nazirliyi 2020-ci ildə MİQ imtahanları üçün tədris metodikasına və təlim strategiyalarına aid proqram tərtib edib ictimailəşdirdi. Bu proqram əvvəllər nəşr edilən vəsaitlərin mövusundan tamam uzaq idi. Mövzuların bəzisinə aid ümumiyyətlə material tapmaq mümkün deyildi. Buna görə də müəllim olmaq istəyənlər çətinlik qarşısında qaldılar. Lakin qısa müddət sonra "Təhsildə Araşdırma və İnkişaf Mərkəzi” adlanan özəl kursun rəhbəri, təlimçi İlkin Həsənov və “Maksimum Tədris Mərkəzi” adlanan digər kursun təlimçisi Aynur Rüstəmovanın həmmüəllifliyi ilə müəllimlərin işə qəbulu və sertifikasiyası ilə bağlı yeni proqramı tam əhatə edən vəsait işıq üzü gördü. Müəllimlərin İşə Qəbul müsabiqəsinə az vaxt qaldığı üçün bu kitab sürətlə yayıldı və baha qiymətə də satıldı. Bu vəsaitin elmi redaktoru Təhsil İnstitutunun əvvəllər Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi adlanan qurumunun direktoru Nəzakət Mehdiyeva, Təhsil İnstitunun Metodik Dəstək Mərkəzinin Əlaqələndirmə şöbəsinin keçmiş müdiri Elxan Nəcəfov idi. İndi siz təsəvvür edin, təhsil nazirinin əmri ilə MİQ müsabiqəsinin test imtahanı mərhələsinin imtahan suallarını hazırlamalı olan nazirlik strukturunun rəhbər şəxsləri həm də imtahana hazırlaşmaq üçün hansısa özəl kursa aid vəsaitin elmi redkatorlarıdırlar. Məhz bu amil MİQ müsabiqəsinə hazırlaşan müdavimlərdə sualların həmin vəsaitdən düşməsi ehtimalına görə onu almağa meyl yaratdı. Bu kitabın qısa müddətə nəşri sübut etdi ki, müəlliflər əvvəlcədən vəsaiti hazırlayıblar. MDPİM rəhbərliyi də MİQ müsabiqəsi proqramını məhz o vəsaitin əlyazması üzərindən hazırlayıb. Ona görə MİQ imtahanları üçün tədris metodikasına və təlim strategiyalarına aid proqram rəsmən ictimailəşdiriləndən qısa müddət sonra, güya bunun əsasında sözügedən vəsait hazırlanıb nəşr edildi”.

K.Əsədov bir maraqlı məqamı da vurğulayıb: “Təhsil Nazirliyinin karantin dövründəki onlayn resurslarından məhz bu kitabın həmmüəllifləri müəllimlərə pulsuz təlim keçmək adı altında öz kommersiya maraqlarına xidmət etmiş oldular. Müdavimlərin zənni onları aldatmadı. Məhz MİQ müsabiqəsinin test imtahanı mərhələsində bütün suallar bu vəsait əsasında hazırlanmışdı. TAİM kursunun təlimçiləri tərəfindən müdavimlərə keçiriləcək müsabiqədə sualların məhz İlkin Həsənov və Aynur Rüstəmovanın müəllifi olduğu kitabdan düşməsini əks etdirən səs yazıları sosial şəbəkədə yayılmağa başladı. Bu amil isə müdavimlərin məhz TAİM kurslarına cəlb edilməsinə və məhz bu kursun nəşr etdiyi kitabı almasını şərtləndirdi. Sonradan o da məlum oldu ki, İlkin Həsənov həm də MİQ sualllarının hazırlanması komissiyasının ekspertidir. Sonra İlkin Həsənov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinə direktor təyin edildi. İ.Həsənov bu il bu komissiyadan uzaqlaşdırılıb. Lakin onların MİQ müdavimləri üçün hazırladıqları kitabın digər müəllifi Aynur Rüstəmova bu il Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd etdiyim həmmüəlliflərin hər ikisi MİQ suallarının hazırlanmasına cavabdeh Təhsil Nazirliyi strukturunda vəzifə tutmaqla indi də əvvəllər rəhbəri olduğu kursda şəxsən təlimçi kimi fəaliyyət göstərirlər. Həmmüəllifləri olduğu vəsait də müəllif göstərilmədən – kursun adı ilə bu il də təkrar nəşr edilib”.

K.Əsədov bildirib ki, məktəb direktorlarının mərkəzləşmiş işə qəbul müsabiqəsi çərçivəsində bundan əvvəlki test imtahanından az qala 2 il vaxt keçir:

“Hələ də test mərhələsində uğur qazananların müsahibə mərhələsi keçirilməyib, ölkə məktəblərinin 10%-indən çoxunda direktor çatışmır və çalışmanın yaş həddinə çatan heç bir direktor da işdən azad edilməyib. DİQ müsabiqəsi artıq ilk illərdən fərqli olaraq, keçid balının konkret təyin edilməməsi qaydasına görə aşağı bal toplayan namizədlər son mərhələdə yüksək bal toplayan namizədlərdən daha çox uğur qazana bilirlər. Adi bir qəzet əməkdaşlığından şagird qiymətləndirmə proqramlarının həyata keçirilməsi, müəllimlərin peşəkarlığının artırılması layihələri üzərindən Təhsil İnstitutunda biznes yolu keçib ADPU kimi ali məktəbə strateji inkişaf məsələləri üzrə prorektor təyin edilən Könül Pirverdiyeva köhnə şakərindən əl çəkməyib. O, hazırda gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün “Məktəb liderliyi" proqramı həyata keçirir. Məktəb direktorlarının mərkəzləşmiş işə qəbul müsabiqəsi mövcud ola-ola, görəsən, Təhsil Nazirliyi niyə keçmiş əməkdaşına qrant ayırıb, bu kimi mənasız layihələri həyata keçirdir? Məhz DQ, MİQ və DİQ timsalında müəllimlər sertifikatlaşdırma çərçivəsində onun nəinki test, heç müsahibə mərhələsinin obyektivliyinə inanmırlar. Çünki onlar əmindirlər ki, sertifikatlaşdırma da MİQ və DİQ kimi kurs rəhbərlərinin və təlimçilərin komerrsiya maraqlarına xidmət edəcək, onların qeyri-peşəkarlığı fonunda ədalətsiz keçiriləcək. Təhsil Nazirliyi və Təhsil İnstitutu strukturunda MİQ, DİQ və sertifikatlaşma imtahanlarını keçirtməyə cavabdeh məmurların bu cür dələduzluqları onların sualları düzgün tərtib etməsini və məxfi saxlanmasını imkansız edir. Çıxış yolu bu qurumlarda vəzifə tutan kurs rəhbərləri və təlimçilərin vəzifələrindən uzaqlaşdırılmasıdır. Tanışlıq və dostluq zəminində vəzifəyə gələn bu primitiv savad sahiblərini vəzifədən uzaqlaşdırmağa onları ora təyin edənin iradəsi ola bilməz!”

Paylaş:

Ən son xəbərlər