"Ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında geniş vektorlu islahatlar paketi təqdim olunur. Bütün sahələrdə islahatlar davam edir. İstedadlı, savadlı, gənc yaşa baxmayaraq təcrübəli, vətənpərvər, keçmişi şəffaf keyfiyyətlərə malik insanlar vəzifədə irəli çəkilir. Ölkə Prezidenti tərəfindən onlara etimad göstərilir. Son illərdə bu etimadı doğruldan kadrlar kifayət qədərdir. Biz kadr bazamızda yeni simalar görürük. Təbii ki, burada istisna hal kimi özünü doğrultmayan kadrlara da rast gəlinir. Onlar təyin olunduqdan sonra daha çox neqativ hallara yol verirlər. Nəfslərini saxlaya bilməyən, qanundan kənar fəaliyyət göstərən kadrlar cəzalandırılır. İşdən azad olunanlar, cinayət məsuliyyətinə cəlb olunanlar məhkəmə qərarı ilə həbs olunurlar. Burada əsas məsələ ölkə Prezidentinin siyasi iradəsidir. Cənab Prezident dəfələrlə deyib ki, ölkəni hərtərəfli inkişaf etdirmək istiqamətində kadrların çox böyük önəmi var. Çünki kadrlar çox şeyi həll edir və bu ölkəmiz üçün strateji məsələdir".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat müəyyən dövlət qurumlarının hansısa "klan"lar tərəfindən idarə olunması fərziyyələrinin yanlış olduğunu bildirib: "Ümumiyyətlə, klan, nəsil, tayfa belə məsələlər bir çoxlarının dilində manipulyasiya alətinə çevrilib. Hazırda ən əsas məsələ daha əvvəl qeyd etdiyim keyfiyyətlərə malik, müsbət imicli kadrların irəli çəkilməsi, onların vəzifələrdə ləyaqətlə çalışması, xalqa xidmət etməsi və qarşılarına qoyulan tapşırıqları məsuliyyətlə icra etməsidir. Günün tələbi budur. Yeni çağırışlar da bunu tələb edir. Təbii ki, çağırışlara cavab verən, adekvat olan, bütün bu keyfiyyətləri özündə birləşdirən kadrlar işləyib çalışacaqlar. Buna cavab verməyən kadrlar isə vəzifədən kənarlaşdırılacaqlar. Ona görə də düşünürəm ki, bu fikirlər yanlışdır, görülən işləri manipulyasiya etmək və cəmiyyətin məlumatsız qisminin çaşdırmaq məqsədi daşıyır. Ancaq bunlar əbəsdir. Ölkə əhalisinin böyük əksəriyyəti gedən islahatları, Cənab Prezidentin həm daxili, həm xarici siyasətini dəstəkləyir. Ona görə də bu məsələlər artıq cəmiyyət tərəfindən də qəbul edilmir. Hazırda cəmiyyəti düşündürən məsələ ölkəmizin gələcək inkişafıdır. Əlbəttə, bu inkişafın da bir parçası düzgün kadrların seçilib təyin olunmasıdır. Onların borcu isə göstərilən etimadı layiqincə doğrultmaqdır".
Leyla Yusubova