Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Azərbaycan gənci məhz milli tərbiyə konsepsiyası əsasında təlim-tərbiyə görməlidir” - RƏY

920
Paylaş:
“Azərbaycan gənci məhz milli tərbiyə konsepsiyası əsasında təlim-tərbiyə görməlidir” -             RƏY

Gənclik zamanın, dövrün hərəkətverici qüvvəsidir. Milli mənlik şüuru və vətənpərvərlik hissləri yüksək səviyyədə inkişaf edən gənclərin formalaşması gələcəkdə onların dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağı inamını da yaradır. Bu cür gənclər dövlətimizin gücünü də artırırlar.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Pravda.az-a bildirib ki, hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var:

“Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün 3-5 il  bəs etmir, bunun üçün illər lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin və cəmiyyətin qarşısında duran böyük bir vəzifədir. Bütün dövrlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Cəmiyyətdə nöqsan varsa, bu, istər-istəməz, gənclərin əxlaqına, onların vətənpərvərlik hisslərinin zədələnməsinə səbəb olur. Hər bir gənc mənsub olduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır. Azərbaycan gəncliyi öz vətənpərvərliyi, milli mənlik şüuruna sahib olması ilə həmişə sayılıb-seçilib. Hətta bu sahədə çox vaxt başqalarına nümunə olub. Azərbaycanın dövlət müstəqilliyi qazanmasında gənclərimizin rolu az olmayıb. Milli Azadlıq Hərəkatında yüzlərlə gənc Azərbaycan Respublikasının SSRİ-nin tərkibindən çıxarılmasına çalışıb və bunun üçün meydanlara axışıb. Günlərlə, aylarla mitinqlər keçirib. Azərbaycan gəncliyi vətənpərvər ruhu ilə yanaşı, mübariz xaraketerə də malikdir. Buna 44 günlük Vətən Müharibəsi zamanı da şahid olduq”.

Deputat deyib ki, gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində ziyalılar, qələm sahibləri, sənətkarlarla yanaşı, pedaqoqların da roluna böyük ehtiyac var: “Hər bir insanın tərbiyəsi körpəlikdən formalaşmağa başlayır. İlk vətənpərvərlər məktəbdə yetişir. Azərbaycan məktəblərinin bir çoxu şəhid və Milli Qəhrəmanların adını daşıyır, bu təhsil ocaqlarında vətənpərvərlik tərbiyəsi çox güclü şəkildə təbliğ olunur. Cəmiyyətin aynası sayılan mətbuatın, xüsusən də televiziyaların bu sahədə görəcəyi işlər çoxdur. Gənclərin milli kök üstə, vətənsevər, humanist bir insan kimi yetişdirilməsində müasir KİV-lərin böyük rolu ola bilər. Televiziyalar milli mənlik şüurunun təbliğatına daha çox yer ayırmalıdır. Bu mövzuda filmlər, proqramlar, intellekt oyunları, diskussiyalar keçirilməlidir ki, gənclər nəsə götürsün. Gənclər bu dövlətin, xalqın gələcəyini quran, onun təəssübünü çəkən, yurdumuzun sərhədlərini qoruyan vətəndaşlarımızdır. Onlar sağlam, qayğısız şəkildə yetişdirilməlidir. Cəmiyyətin bütün ictimai sferaları gənclərin milli-mənəvi və vətənpərvərlik ruhda yetişməsi üçün təbliğat aparmalıdır”.

Təhsil eksperti Elşən Qafarov isə bildirib ki, ölkədə birinci növbədə tərbiyə, milli ideologiya konsepsiyası olmalıdır:

Elşən Qafarov: Təhsil Naziri Mikayıl Cabbarova video müraciət ünvanlayıb -  Millixəbər İnformasiya Portalı

“31 ildir müstəqilik, hələ də milli ideologiya konsepsiyası yoxdur. Azərbaycançılıq, vətənpərvərlik nə deməkdir? Bunlar hamısı konsepsiya şəklində qoyulmalıdır. Həmin tərbiyə, milli ideologiya konsepsiyasının əsasında da təhsil formalaşmalıdır. Bu konsepsiyaların olmamasının nəticəsidir ki, bu gün bizdə bu sahədə çox porblemlər, ciddi boşluqlar var. Nə qədər ki, bu konsepsiya qəbul edilməyib, sadəcə, formal danışıqlar olacaq. Ölkə Prezidenti cənab İlham Əliyev 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyində bildirdi ki, ölkənin tərbiyə konsepsiyası qəbul edilməlidir, Azərbaycan gənci məhz bu milli tərbiyə konsepsiyası əsasında təlim-tərbiyə görməlidir. “Təhsil haqqında qanun”un 4-cü maddəsində göstərilir ki, təhsilin məqsədlərindən biri Azərbaycan dövləti qarşısında məsuliyyətini dərk etmək, insan hüquqları və demokratiya prinsiplərinə hörmətlə yanaşan, azərbaycançılıq və vətənpərvərlik hisslərinə sadiq olan, yaradıcı və müstəqil fikirləşən şəxsiyyət və vətəndaş yetişdirməkdir. Azərbaycançılıq və vətənpərvərlik hislərinin tam açıqlaması yoxdur. Niyə? Çünki bunlar ancaq milli tərbiyə konsepsiyasında əksini tapmalı idi. Bu da olmadığına görə, hər birimiz azərbaycançılığı fərd və subyektiv fikirlərimizə görə tanımışıq. Bu məsələ ilə bağlı işlər görülməlidir. Təhsilin bütün pillələri üzrə standartlar və təhsil proqramları məhz tərbiyə konsepsiyası üzərində formalaşmalıdır. Bütün peşələr üzrə etik davranış qaydaları müəyyən olunmalı və bu qaydalar konsepsiyada göstərilmiş müddəalar üzərində qurulmalıdır”.

Sosioloq Əhməd Qəşəmoğlu qeyd edib ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində işlər aparmağa çox böyük ehtiyac var:

“Vətənpərvərlik hislərinin arzuedilən səviyyədə olması üçün 4 mühüm amilə ciddi fikir vermək lazımdır. Birincisi, insanların özlərinin fərdi, şəxsi, psixoloji xüsusiyyətləri. Bu cəhətdən xalqımızda potensial yaxşıdır. Mədəniyyətimizdən, folklorumuzdan, adət-ənənələrimizdən irəli gələrək xalqımızın vətənpərvərlik hissləri həmişə güclü olub. İkinci amil mühitdir. Mühit bu xüsusiyyəti ya inkişaf etdirə bilər, ya da əksinə, maneə ola bilər. Təəssüf ki, indiki mühitdə arzu olunmayan problemlər çoxdur. Tərəqqimizə kömək edəcək vətənpərvərlik hisslərini yüksəltmək üçün xeyli dəyişikliklər etməyimizə ehtiyac var. Bakı elə bir şəhərdir ki, burada xatırlatma üçün lap qədim tariximizdən indiyə qədər gözəl heykəllər, arxtitektura nümunələri olmalıdır. Yoxsa Babəkin heykəlini qoyuruq, heç o, Babəkə oxşamır. Neçə illərdir xeyli təkliflər irəli sürülüb. Bakıya gələn adam hiss etməlidir ki, hansı tarixə malik ölkəyə gəlib. Bu sahədə problemlərimiz var. Bakıda vətənpərvərlik hissini sağlam istiqamətdə inkişaf etdirən belə monumental əsərlərə böyük ehtiyac var. Üçüncü amil isə informasiyanın məzmunu və intensivliyidir. Biz gənclərimizə, əhaliyə vətənini daha çox sevməsi üçün hansı məlumatı veririk? Deyək ki, azərbaycançılıq ideyasından danışırıq. Amma bunu, sadəcə olaraq, dekorativ danışırıq. Adam azərbaycançı olması üçün, gərək, Azərbaycanın tarixini yaxşı bilsin. Orta əsr Azərbaycan mədəniyyəti dünyada ən nüfuzlu yer tuta bilən mədəniyyətdir. Nizami, Nəsimi, Füzuli, Tusi kimi xeyli insanlarımız var ki, orta əsrdə onlar dünyanın inkişafına yön veriblər. Ümumiyyətlə, bura Türk Dünyasının liderlərini də əlavə etsək, bu sahədə gənclərimizin hansı ilə söhbət aparsan, görürsən ki, məlumatsızdır. Azərbaycanın tarixini yaxşı bilmədən necə azərbaycanlı olmaq olar? Sabah xaricə gedəndə tariximizi bilmədən ölkəmizi necə təbliğ edəcəklər? Dördüncü amil üstünlük verilən dəyərlərdir. Vətənpərvərlik, vətənin tərəqqisi ilə bağlı dəyərlər gərək daha öndə olsun.  Mədəniyyətimizlə bağlı dəyərlərə gərək daha çox üstünlük verək. Təəssüf ki, bu istiqamətdə arzuedilən işlər getmir. Müsbət tərəfi odur ki, xalqımızda vətənpərvərlik hissi güclüdür. 44 günlük Vətən Müharibəsində gənclərimizin özlərini fəda etmələri göz qabağında idi. Bütün dünya bunu alqışladı. Deməli, çox böyük potensialımız var. Bu potensialı inkişaf etdirmək üçün elmi əsaslarla fəaliyyət proqramları hazırlanmalı, bu istiqamətdə sistemli şəkildə işlər getməlidir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər