Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov iyulun 20-23-ü tarixlərində Koreya Respublikasına səfər edib.
Bu barədə Pravda.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Səfər çərçivəsində iyulun 21-də Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədovun, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Yo Sınq-benin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı ikitərəfli diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinin qeyd olunduğu cari ildə Azərbaycan və Koreya arasında ikitərəfli əlaqələrin hazırkı durumundan məmnunluq ifadə olunub. Azərbaycan-Koreya münasibətlərinin gələcək inkişaf imkanları, iqtisadi sahədə əməkdaşlıq, o cümlədən qarşılıqlı ticarət və investisiyaların artırılması, xüsusilə də Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və həmin ərazilərdə aparılan geniş bərpa-quruculuq işlərində Koreya şirkətlərinin mümkün iştirakına dair fikir mübadiləsi aparılıb. Bundan əlavə, turizm, mədəniyyət, səhiyyə və təhsil sahələri üzrə Azərbaycan-Koreya əməkdaşlığının gələcək inkişaf imkanları müzakirə edilib. Həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlərə dair məlumat mübadiləsi həyata keçirilib.
E.Məmmədov Koreyanın yerli media qurumlarından “Korea Times”, “Korea Joongang Daily” və “Aju Ilbo” qəzetlərinin rəhbər şəxsləri və müxbirləri ilə görüşüb və qarşı tərəfin suallarını cavablandırıb.