Cənubi Qafqaz regionunda siyasi proseslər sürətlə bir-birini əvəz edir. İran, Türkiyə və Rusiya Prezidentləri Tehranda bir araya gələrək danışıqlar aparır, İrəvan və Bakıya yüksək səviyyəli Qərb və Rusiya rəsmilərinin səfərləri baş verir, Azərbaycan Rusiyanı Qarabağdakı fəaliyyətinə görə tənqid edir, habelə Ermənistana növbəti dəfə sərt xəbərdarlıq edir və sair. “AzPolitika.info” regionumuzda baş verən gərgin prosesləri Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovla müzakirə edib.
- Etibar bəy, Prezident İlham Əliyev son müşavirədə Rusiyanın 10 noyabr üçtərəfli razılaşmasına və sonradan verilmiş sözlərə əməl etmədiyini açıq mətnlə bildirdi. Prezidentin bu çıxışını necə qiymətləndirmək olar, Azərbaycan Rusiyadan nə tələb edir və Rusiyanın maraqları nədən ibarətdir?
- İndiyə qədər Azərbaycan tərəfi Rusiyaya öz iradlarını bildirirdi, sadəcə olaraq bunlar açıqlanmırdı. Görünür, Rusiya tərəfi nəticə çıxarmadığı, Azərbaycan tərəfi də mövqeyini qətiləşdirdiyi üçün indi bu məsələlər deyilir, ictimailəşdirilir, açıqlanır. Rusiyaya qarşı ittiham və tələblər açıq ifadə olunur. Bu, onu göstərir ki, Azərbaycan tərəfi mövqeyində daha qətiyyətlidir və yaxın dövrdə nəticə əldə etmək mümkün olacaq.
- Amma bununla paralel olaraq, rus hərbçilərinin götürülən öhdəliyə zidd əməlləri də müşahidə olunur. Məsələn, Laçında sağlam binanı sökərək tikinti materiallarını aparıblar, Ağdərə-Əsgəran yolunda Azərbaycan əsgərləri sülhməramlıların avtomobilində qanunsuz silah aşkar ediblər, eləcə də Xocalı istiqamətində ermənilərin qanunsuz istehkam tikintisinə göz yumulur və sair...
- Əvvəla, ermənilər Laçından da çıxmalıdırlar və bunu yaxşı bilirlər. Bu səbəbdən də əvvəlki iki rayonumuz kimi Laçını da yağmalayıb çıxmaq niyyətindədirlər. Rus sülhməramlılar da həmişəki kimi korrupsiyanın içindədirlər və onlar pul müqabilində bu yağmalama cinayətində iştirak edə bilərlər. Digər tərəfdən, sülhməramlıların silah daşıması, digər cinayətlərdə iştirakı yeni bir şey deyil. Onlar həmişə bu işlə məşğul olublar. Sadəcə olaraq bu, həmişə gizli qalırdı, bizimkilər də bunun üstünü çox açıb-ağartmırdılar. Ancaq indi Azərbaycan tərəfi belə məsələləri həm ictimailəşdirir, həm də nəzarəti gücləndirir. Artıq rəsmi olaraq Rusiyanın nəzərinə çatdırırlar ki, o, bəyannamədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmir və buna görə də məsuliyyət daşıyır.
- Sizcə, hazırda Azərbaycan-Rusiya münasibətlərində gərginlik hansı həddədir?
- Məncə, gərginlikdən söhbət getmir. Sadəcə, Rusiya hakimiyyəti də yekdil deyil, orada müxtəlif qruplar və xətlər var. Məsələn, Azərbaycana qarşı olan qüvvələr və Ermənistanı müdafiə edən xətt var. İkincisi, Rusiya ordusunda və hökumətində korrupsiyanın olması aydın məsələdir. Onlar pula görə hər şeyə getməyə hazırdırlar. Amma ümumilikdə Rusiya-Azərbaycan münasibətlərində elə bir gərginlik yoxdur.
- Gərginlik deyilsə, yuxarıda sadaladığımız faktlar nədir, gərginliyin təzahürü deyilmi?
- Yox, baş verənlər aşağı səviyyədə olan hallardır. Azərbaycan tərəfi də iradını bildirir, bunların aradan qaldırılmasını tələb edir. Dövlətlərarası münasibətlərdə gərginlik hələlik görünmür. Əslində, gərginliyin olması da bizə lazım deyil. Lazım olan budur ki, Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirsin və beş ilin tamamında Azərbaycandan çəkilib getsin.
- Bu perspektivi və ümumiyyətlə yaxın gələcəkdə Azərbaycanla Rusiya arasında münasibətləri necə görürsünüz?
- Qənaətimcə, bu, Ukraynada gedən müharibənin nəticəsindən asılı olacaq. Rusiya Ukraynada qələbə çalsa, yəni onu parçalamağa nail olsa, bu zaman digər keçmiş SSRİ ölkələrinə qarşı da iddialarla çıxış edəcək, o cümlədən Azərbaycana qarşı. Hesab edirəm ki, Azərbaycan buna hazır olmalıdır. Yəni, Rusiya imperiya eşqi ilə yaşayır və sıravi vətəndaşından tutmuş dövlət rəhbərliyinə qədər hamının beynində imperiya təfəkkürü var. İmkan düşdükcə də buna çalışırlar və çalışacaqlar da. Odur ki, biz buna hazır olmalıyıq. Digər tərəfdən, lüzum olmadığı halda gərginlik yaratmağa da ehtiyac yoxdur.
- Azərbaycan mətbuatı daim Rusiyanın “beşinci kolon”u haqqında yazır, onun anti-Azərbaycan fəaliyyəti göstərdiyini iddia edir. Sizdəmi “beşinci kolon”un olduğunu və onun kifayət qədər güclü fəaliyyət göstərdiyini düşünürsünüz?
- Azərbaycanda “rusbaşlar”ın mövcudluğu gizlədiləcək bir fakt deyil. Onlar var, sayları çoxdur, mövqeləri güclüdür və rənglərini də dəyişə bilirlər. Onlar satılıblar və satmağa da hazırdırlar. Azərbaycan hakimiyyətində təmsil olunanların milliləşməsinə ehtiyac var. Yəni, hakimiyyətdəki bütün strukturlar milli qüvvələrin əlinə keçməlidir ki, “beşinci kolon” adlandırılan qüvvənin arxadan zərbə vurmaq imkanı olmasın. Əslində, onlar an gözləyirlər ki, arxadan zərbə vuraraq Azərbaycan dövlətini zəiflətsinlər və yenidən Rusiyanın tərkibinə qatsınlar.