Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisələri zamanı görülməli olan tədbirlərlə bağlı sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Pravda.az-a bildirib ki, baş vermiş yol nəqliyyat hadisəsinin qiymətləndirildikdən sonra müvafiq qaydada qanuni tədbirlər görülür:
"Baş vermiş yol-nəqliyyat hadisələri hüquqi mahiyyətinə görə 2 qrupa bölünür. Birinci qrup maddi xəsarətlə yekunlaşanlar, digəri isə insan xəsarəti və ölümü ilə nəticələnən hadisələrdir. Əgər insan xəsarəti ilə yekunlaşan hadisə varsa, bu, artıq yol polisinin araşdırdığı məsələ deyil, prosessual araşdırma tələb edən məsələyə çevrilir. Çünki xəsarət alanların xəsarət dərəcəsi müəyyənləşdirilir, xəsarət az ağır və ağır formadadırsa (həkim tibbi ekspertin rəyi əsasında), artıq cinayət tərkibli məsuliyyət yaradır. Yüngüldürsə, qərar qəbul olunması məhkəmənin məsuliyyətində olan hal yaranır. İnzibati xəta törədən şəxsə 200 manat məbləğində cərimə və ya məhkəmənin qərarı ilə sürücülük hüququnun 6 aydan 1 ilə qədər məhdudlaşdırılması kimi məsuliyyət tətbiq olunması nəzərdə tutulur. Əgər xəsarətin dərəcəsi müəyyən edilməyibsə, bu zaman yol hərəkətinin hansı qaydası pozulubsa, ona uyğun formada inzibati protokol tərtib olunur. Hhadisə maddi ziyanla bitibsə və bu halda sürücü hadisə yerindən yayınırsa İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən təqsirkar sürücünü 100 manat məbləğində cərimə və 4 cərimə balı olan protokol gözləyir. Hadisə zamanı sürücü birinci olaraq yol polisini məlumatlandırmalıdır ki, hadisə yerinə gələn polis təqsirkar və zərərçəkən tərəfləri müəyyənləşdirə bilsin. Sonrakı mərhələlərdə maddi ziyanın ödənilməsi üçüm müvafiq sənədlərdə sığortaya vaxtında təqdim olunsun”.