“Milli Məclisin sədr müavini Adil Əliyev həqiqəti etiraf edib. Bu gün, doğrudan da, Azərbaycanın idarəçilik sistemində, ən müxtəlif sahələrdə “5-ci kolon”un geniş şəbəkəsi varlığını hələ də qoruyub saxlamaqdadır. “5-ci kolon” Azərbaycan üçün böyük təhdiddir. Azərbaycan dövlətçiliyi üçün kifayət qədər təhlükə törədən amildir. Bu baxımdan, Adil Əliyevin dövlətçiliyimizə xidmət edən və təhlükənin mahiyyətini bütün cəmiyyətimizə çatdırdığı açıqlaması başadüşüləndir, qəbulediləndir. Bu açıqlamasından sonra Adil Əliyevə qarşı ən müxtəlif cinahlardan hücumlar başlayıb. Deməli, Adil Əliyevin söylədiyi fikirlər hədəfə çatıb. Onu neytrallaşdırmaq, dediyi sözün gücünü, təsirini zəiflətmək üçün ən müxtəlif şəkildə Adil Əliyevə qarşı ciddi kampaniya başlayıb. Təəssüf ki, bu kampaniyada Azərbaycan vətəndaşları fəallıq göstərirlər. Bu hücumlar “5-ci kolon” deyəndə, həm də Rusiya ilə, İranla bağlı olan, onların himayələrində fəaliyyət göstərən, həmin dairələrin tapşırıqlarını yerinə yetirən şəxslər tərəfindən təşkil olunub”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, təkcə Adil Əliyev deyil, bu gün Azərbaycanda milli qüvvələr ən müxtəlif bəhanələrlə hücuma məruz qalırlar: “Niyyətləri isə milli qüvvələrin ictimai rəydə nüfuzlarını sarsıtmaq, bu nüfuza zərbə vurmaqdır. Beləliklə, onların dedikləri sözün dəyərini, əhəmiyyətini zəiflətmək istəyirlər. Bu, eyni zamanda təhqirlərlə, böhtanlarla, iftiralarla Adil Əliyevi və digər milli qüvvələri susdurmaq, özləri üçün meydanı genişləndirmək məqsədi daşıyır. Lakin niyyətləri baş tutmayacaq. Çünki milli qüvvələr heç vaxt heç nədən çəkinməyərək meydandadırlar və onların iradəsini qırmaq, dövlətçiliyimizə, milli maraqlarımıza, hədəflərimizə yönələn fəaliyyətlərinin qarşısını almaq mümkün deyil. Çünki bu, əqidə və məslək məsələsidir. Təbii ki, belə bir zaman kəsiyində milli qüvvələr anti-milli qüvvələrə, “5-ci kolon” və onun ətrafında olan bütün cəhdlərə, ünsürlərə qarşı fəaliyyətlərini gücləndirməlidir. Təəssüf ki, bu istiqamətdə anti-milli qüvvələr, “5-ci kolon” normal, sivil fikri ortaya qoymaq əvəzinə, ən çox təhdidlərin, təhqirlərin, böhtanların, söyüşlərin istifadə olunduğu mübarizə üsulunu seçirlər. Bu, bütün dəyərlərə ziddir və onların bu cür mübarizə üsulları nəticə verməyəcək. Ümidvaram, Azərbaycanın bütün milli qüvvələri 44 günlük Vətən Müharibəsində olduğu kimi, bu gün də dövlətimizlə, dövlətçiliyimizlə, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevlə birgə olacaq. Hər birimiz bir əsgər kimi dövlətimizin yanında olmalıyıq”.
Aytəkin Qardaşova