“Ermənistan tərəfindən törədilən təxribatlar statistik olaraq öz-özlüyündə bir neçə istiqamət üzrə təhlil oluna bilər. Atəşkəsin məhz qeyd edilən ərazilər üzrə pozulması spontan xarakter daşımır. Bunlar bəzən əzələ göstərmək, bəzən nəyinsə mesajını ötürmək, digər tərəfdən Paşinyan əleyhinə olan qüvvələrin özlərini təqdim etmə vasitəsi, yaxud da orada kiçik bir formada közərib və əlavə qığılcımlar yaratmaq istəyən xarici amillərin təsirləridir. Göründüyü kimi, burada bir neçə versiya üzərində mühakimə qurmaq olar. Lakin bunların hamısının əsas səbəbi Ermənistanla Azərbaycan arasında hələ də qarşılıqlı tanınmanın baş verməməsidir. Sual oluna bilər ki, sülh müqaviləsinin imzalanması bütün bu proseslərə son qoyacaqmı? Ola bilsin ki, dərhal və tam əminliklə “hə” cavabını verməyək. Ona görə ki, bu gün dünyada BMT tərəfindən tanınan və müəyyən yaxın coğrafiyalarda yaşayaraq münaqişədə olan ölkələr var. Elə bunu Rusiya, Ukrayna nümunəsində götürək: Onlar hazırda savaş meydanındandırlar, baxmayaraq ki, Rusiyanın Ukraynanı tanıması və bunun əksi mövcuddur. Amma bu gün həmin ölkələr arasında XXI əsrin son dərəcə amansız müharibəsi gedir. Yəni Azərbaycanla Ermənistan arasında da sülh razılaşması əldə olunduqdan sonra belə lokal ərazilərdə müəyyən atışmaların baş verməsi mümkündür. Ancaq onun adı, miqyası, təqdimat forması əsla indiki kimi olmayacaq. Ali Baş Komandan Ermənistanı Vətən müharibəsindəki parlaq qələbədən sonra ölkəmizi siyasi ərazi və beynəlxalq subyekt kimi tanımağa vadar etmək istəyir. Sovet İttifaqında bir çətir altında yaşamaq təcrübəsini kənara qoysaq, təəssüf ki, ermənilərin Azərbaycanı tanıması hadisəsi heç vaxt olmayıb. Bunu etmək heç bir liderə nəsib olmayıb. Ona görə də Prezident İlham Əliyevin missiyası tarixidir. Onu da qeyd etmək lazımdır ki, ermənilər üzərində qazanılmış qələbə yalnız fərqli bir nümunə deyil, bu qələbənin həm də yerləşdiyimiz coğrafiyadan kənar mənası var. Yəni bu dünya arenasına səpələnmiş ermənilər üzərində olan qələbədir. Məhz bu səbəbdən Prezident İlham Əliyev bu sülh müqaviləsini imzalamaq istəyir. Bu, həm də o qüvvələrə zərbə vurmuş olacaq, çünki ermənilər heç vaxt özlərini tək götürmürlər. Deyirlər ki, üçlü bir vahiddən ibarətik, yəni triadayıq - Ermənistan erməniləri, Qarabağ erməniləri və dünya erməniləri. Biz isə qələbəni onların hər üçü üzərində qazanmışıq”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.