"Mən ilk növbədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza şəfa, can sağlığı diləyirəm. Allah Ali Baş Komandanımız, Cənab Prezidentimiz İlham Əliyevə can sağlığı versin. Məhz İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmənin başını əzdi, burnunu ovdu. Bizi gözü götürməyən qara qüvvələr, xüsusi olaraq xaricdə oturub öz ağalarının tapşırığını yerinə yetirən söyüş müxalifəti ağızlarına gələni danışırlar. Onların Adil Əliyev haqqında dedikləri məni çox əsəbləşdirdi”. Bunları “AzPolitika.info”-ya açıqlamasında 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Muxtar Qasımlının atası Əli Qasımlı, vitse-spiker Adil Əliyevə qarşı son günlər güclənən qara piar kampaniyasına münasibət bildirərkən deyib.
Şəhid atası qeyd edib ki, A.Əliyevin uzun illərdir tanıyır və bir şəhid atası kimi hər zaman diqqət və qayğısını görüb: "Mən Adil müəllimi uzun illərdir tanıyıram. Onun şəxsiyyətinə, kişiliyinə, mərdliyinə bələdəm, dövlətə və dövlətçiliyə bağlılığını bilirəm. Bu adam həmişə vətənpərvər, dövlətini, xalqını, Prezidentini sevən adam olub. Adil Əliyev mənə və mənim kimi minlərlə şəhid ailəsinə öz ailəsi kimi münasibət göstərib. Gecə-gündüz yorulmaq bilmədən çalışır. Mən ondan hər zaman yüksək diqqət və qayğı görmüşəm. İnanın ki, ən çətin günlərimizdə Adil müəllim ailəmizin yanında olub. Demək olar ki, iki gündən bir mənimlə əlaqə saxlayıb, qayğılarımla maraqlanır. O məni özünə dost, qardaş hesab edir. Biz də ailəlikcə onu çox istəyirik. Adil müəllim öz vətənpərvərliyi ilə gənclərə nümunə sayıla bilər".
