“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ləğv olunduqdan sonra publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi yarandı. Buna qədər imtahanlar dövlət tərəfindən maliyyələşirdi. Maraqlı məqam ondan ibarətdir ki, imtahanlar dövlət tərəfindən maliyyələşsələr belə, vətəndaşlar yenə də 3 manat ödəyirdilər. İndi isə qeyd edirlər ki, guya DİM yaranana qədər hər şey pulsuz idi. Xeyr, insanlar o zaman da qəbul və sınaq imtahanlarında iştirak etmək üçün pul ödəyirdilər. Sadəcə, DİM yarandıqdan sonra bu məbləğlər ciddi şəkildə artırıldı. Qeyd edək ki, bakalavr səviyyəsində sınaq imtahanları və qəbul imtahanlarına giriş kartı 40 manat, magistratura səviyyəsində isə qəbul imtahanları 50 manat, sınaq imtahanları isə 40 manat təşkil edir. Ancaq magistratura pilləsində sınaq imtahanlarında iştirak zamanı sual kitabçaları verilmir. Vəsaitin bütün xərclərini ödəmişəmsə, deməli, sual kitabçası da məndə qalmalıdır. Belə çıxır ki, siz bir məhsulu satışa çıxarırsınız, pulunu verirəm, ancaq siz o məhsulu vermirsiniz. Bu, birinci uyğunsuzluqdur. İkincisi də, əlbəttə ki, qəbul imtahanlarında istifadə olunmuş test modellərinə çəkilən xərcdir. Məsələn, sualı yazan müəllifə bir suala görə 1 manat verilir. Bir sual kitabçasına ümumilikdə suallar üçün 125 manat xərc çəkilir. Yoxlayan ekspertə isə 1 sual üçün 50 qəpik ödənilir. Ortaya çıxan bu xərci hər sual kitabçası üçün xərcləmirlər. 18 səhifəlik sual kitabçasının vərəqinin birinə 0.2 qəpik xərclənir. Ümumilikdə sual kitabçasının hazırlanması üçün 220 manat pul xərclənir. Lakin hər adam üçün 1 sual kitabçası çıxarılmır axı...”
Bunu Pravda.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.