“Təəssüf ki, bəzi vətəndaşlarımız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara istinad etmək əvəzinə, qeyri-rəsmi mənbələrdən əldə etdikləri məlumatlara fikirlərini də qataraq real informasiya kimi cəmiyyətə çatdırırlar. Hərbi sahə qapalı sahələrdən biridir. Hərbi yönlü məlumatı yaymaq üçün Müdafiə Nazirliyinin Mətbuat Xidməti var. Mətbuat Xidməti ona görə yaranıb ki, məhz cəmiyyətə məlumat verərkən orduya xələl gətirə biləcək məlumatları nəzərə alınsın, sirri verməmək üçün informasiya süzgəcdən keçirilsin. Biz Vətən Müharibəsində qələbə qazandıq. Müharibə zamanı da bu məsələ ilə bağlı çox böyük maarifləndirmə işləri aparıldı. Sosial şəbəkələrdə bununla məşğul olan şəxslər çox düzgün istiqamət götürdülər. Hətta materiallarını tam şəkildə dövlətin tərəfindən, vətəndaşlıq mövqeyini nəzərə alaraq paylaşırdılar”.
Bu sözləri Pravda.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Ekspert bildirib ki, Vətən Müharibəsində qələbə qazanılıb, amma informasiya sahəsində müharibə həmişə davam edir: “Ermənistanla hələ nə sülh müqaviləmiz var, nə də onlar bizim sərhədlərimizi, ərazi bütövlüyümüzü tanıyıblar. Belə olan təqdirdə, müharibə şəraitindəyik. Sadəcə, aktiv döyüşlər getmir. Atəşkəs deyə bir ifadə işlənilir. Atəşkəsə dövlət sərhədində öz Vətənimizi qoruyaraq riayət edirik. Ona görə də informasiya sahəsində daim müəyyən səylər göstərilməkdədir. Son zamanlar artan təxribatlar fonunda sosial şəbəkələrdə də aktivlik müşahidə olunur. Deyəsən, biz hardasa müəyyən şəkildə düşmənə imkan yaratmışıq ki, onlar bəzən soyadlarımızdan istifadə edib istiqamətləndirilmiş, maraqlarımıza zidd olan məlumat yayırlar. Bizim sosial şəbəkələr isə bu məlumatları götürüb daha da çox şişirdərək, ora öz fikirlərini də qataraq müzakirəyə çıxarırlar. Bu da yolverilməzdir. Bu məsələdə çox diqqətli olmaq, ciddi yanaşmaq lazımdır”.