Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Jurnalistlər arasında qaydaların pozulması hallarına rast gəlinəndə zəruri tədbirlərin görülməsini anlayışla qarşılamaq lazımdır”

1 143
Paylaş:
“Jurnalistlər arasında qaydaların pozulması hallarına rast gəlinəndə zəruri tədbirlərin görülməsini anlayışla qarşılamaq lazımdır”

“Mediada reketlik, media qanunvericiliyinin və jurnalist peşəkarlığı qaydalarının pozulması ilə mübarizə işi illərdir gedir. Təəssüf ki, hələlik bu neqativlərin kökünü tam şəkildə kəsə bilməsək də, ancaq xeyli dərəcədə yaxşılaşma var. Məsələn, illər öncəki vəziyyətlə bu günü müqayisə etmək, təbii ki, mümkün deyil. Çünki həm reket jurnalistika ilə məşğul olan media orqanlarının, həm bu işi özünün gündəlik fəaliyyət formasına çevirmiş jurnalistlərin sayı xeyli azalıb, həm də normal media qayda-qanunları ilə işləməyə üstünlük verən mətbuat orqanlarının sayı getdikcə üstünlük təşkil etməyə başlayıb. Xüsusilə reketlik və dövlət mənafeyinə, sirlərinə münasibətdə sui-istifadə halları ilə mübarizə olduqca vacibdir”.

Bu sözləri Pravda.az-a açıqlamasında “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O, iki istiqamətdə fasiləsiz prosesin getməsini məqbul sayır: “Birincisi, maarifçilik və media savadlılığının daha da artırılması. Bu yöndə görülən işlərin nəticələri var. Böyükdür, həm də artan xətt üzrə gedir. Son illərdə normal jurnalistika və normal media orqanlarının təmsilçiləri arasında belə hallara, demək olar, rast gəlinmir və ya çox nadir hallarda rast gəlinir. Əsasən, sosial media fəallarının arasında bu sahədə daha çox qayda-qanunu pozanlar var. Bu isə, görünür, onunla bağlıdır ki, sosial media sahəsi ölkəmizin media resursları və media strukturları arasında yeni bir seqmentdir. Yəqin ki, zaman-zaman burda da neqativlərin qarşısı alınacaq. İkincisi, maarifçilik işləri, müəyyən layihələrin həyata keçirilməsi, jurnalistlərin peşə qaydalarına daha savadlı şəkildə əməl etməsi yönündə aparılan izahat, tərbiyə və təlim işləri lazımi nəticəni verməyəndə, jurnalistlər arasında qaydaların dəfələrlə pozulması hallarına rast gəlinəndə müəyyən dövlət orqanlarının zəruri tədbirlər görməsini də anlayışla qarşılamaq lazımdır. Necə ki, Baş Prokurorluq artıq bir neçə media orqanına xəbərdarlıq etdi. Burda söhbət həm də ölkəmizin hərbi sirr xarakterli məlumatlarının yayılmasından və onlara qərəzli yanaşmalardan gedir”.

A.Quliyev deyib ki, mediada neqativlərlə mübarizədə rəsmi orqanların, bəzi dövlət məmurlarıının yaranmış vəziyyətdən sui-istifadə cəhdlərinin qarşısının alınması da çox vacibdir: “Bəzən müəyyən dövlət məmurları məsələni yanlış anlayırlar ki. Düşünürlər ki, fürsət düşübsə, deməli, medianı və jurnalistləri ucdantutma cəzalandırmaq lazımdır. Bu da yolverilməzdir. Hər iki tərəfdən, həm jurnalistlər, həm də əlaqədar məmurlar, dövlət orqanları tərəfindən yaranmış vəziyyətdən sui-istifadə hallarına qəti şəkildə yol vermək olmaz. Bəzən həqiqətən jurnalist statusuna uyğun olmayan, bu peşədən kənar adamlar da jurnalist kimi təqdim olunurlar. Bəzən görürük ki, elə adamlar özlərini media təmsilçisi kimi qələmə verirlər, onların media ilə, ümumiyyətlə, əlaqələri yoxdur. Sosial şəbəkələrdən, “Facebook”dan, “Twitter”dən bir neçə savadlı tvit atıb, status yazmaqla jurnalist olmaq olmur. Təcrübə göstərir ki, daha çox media qanunlarının və etika qaydalarının pozulması əsasən belə dairələrdə özünü göstərir”.

Baş redaktor vurğulayıb ki, jurnalistlərin söz və məlumat azadlığı imkanları məhdudlaşdırıla bilməz: “Həqiqi dövlət sirri məzmununa malik olan informasiyalarla dövlət məmurlarının sui-istifadə əməllərinin ifşası arasında fərqi də, gərək, görməyi bacaraq. Bir sözlə, olduqca mürəkkəb məsələ olsa da, aydın üsullar var, bu həm maarifçilik işi, həm də dövlət orqanlarının qanun çərçivəsində davranışlarıdır”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər