BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş redaktor: "Hərbi sirri yaymaq qadağandır, burada ifadə azadlığının məhdudlaşdırılmasından söhbət getmir"

Baş Prokurorluq hərbi bloqer Tofiq Şahmuradovun həbsi barədə məlumat yayıb. Bildirilib ki,“Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

 

Bu hadisə sosial şəbəkələrdə hərbi sirrin və dövlət əhəmiyyətli məlumatların yayılması doğrudurmu sualı doğurur. Xatırladaq ki, 44 günkük "Vətən" müharibəsi zamanı da,belə hadisələr baş vermişdi. Müvafiq qurumlar paylaşımlar edərkən diqqətli olmağı tövsiyyə etmişdi.

 

Hadisələrin media savadsızlığından yarandığını deyən telejurnalist, professor Qulu Məhərrəmli "Sherg.az"a bildirib ki, jurnalistlər və sosial şəbəkə istifadəçiləri dövlət əhəmiyyətli məlumatları paylaşmaqdan çəkinməlidirlər: "Əlbəttə, bu gün sosial şəbəkələr insanların məlumatlandırılmasında müəyyən rol oynayır. Fərdi səhifələrdə yazılan statuslar bəzən şəxsi fikirləri ifadə edir. Lakin elə mövzular var ki, onun çatdırılması ciddi həssaslıq tələb edir. Xüsusən də, müharibə şəraitində olan Azərbaycan ordusunun fəaliyyəti və ona xas olan hərbi sirr sayılacaq materialların işıqlandırılması ilə bağlı daha diqqətli olunmalıdır. Kimliyindən aslı olmayaraq o tip məlumatları sosial şəbəkələrdə paylaşanlar cinayət törətmiş sayılır.Yadınızdadırsa, 44 günlük Vətən müharibəsi zamanı bu kimi halların qarşını almaq üçün müvafiq orqanların  çoxlu müraciətləri oldu. Mən də, müxtəlif televiziyalarda çıxışım zamanı demişəm ki, orduya aid olan və ön cəbhədən göndərilən məlumatları paylaşarkən diqqətli olun. İndiki dövrdə də, faktiki olaraq müharibə bitməyib. Hələ də aydın olmayan nüanslar var. Ordumuz azad olunmuş ərazilərdə həm mina təmizləmə əməliyyatları aparır, həm də ara-sıra lokal hərbi əməliyatlar həyata keçirir. Respublika Prokurorluğunun müraciəti və hansısa bloqerin həbs olunması ciddi faktdır. Biz burada elə bir mövqeydə dayanmalıyıq ki, hərbi məsələləri bəhanə edib söz və mətbuat azadlığını məhdudlaşdırmaq olmaz. Orduda yeyinti varsa , hərbi vəzifə daşıyan şəxs korrupsiyaya yol verirsə, bunları rahat tənqid etmək olar. Lakin birbaşa hərbi sirr sayılan məlumatları paylaşmaq olmaz.  Hərbi sirrin nə olduğu isə  məlumat almaq haqqında qanunda öz əksini tapıb. O qaydalarda yazılan məlumatların yayılması cinayət tərkibi yaradır. Belə halların qarşısını almaq üçün cəmiyətdə ciddi marifləndirmə aparılmalıdır ki , insanlar hərbi sirlə, adi məlumatı biri-birindən ayıra bilsin".

 

"Pravda az" saytının baş redaktoru İlkin Pirəli isə bildirib ki, yalan məlumatların tirajlanmaması üçün dövlət nəzarəti mütləqdir: "Vətəndaşlar, xüsusilə jurnalistlər, bloqerlər maksimum diqqətli olmalıdır. Müharibə təkcə döyüş meydanında getmir ki... İnformasiya savaşı da müharibənin mühüm həlqəsidir. Döyüş meydanında qələbə çalmışıq, amma informasiya savaşı davam edir. Ötən gün Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq etdi ki, yalnız rəsmi məlumatları yaysınlar, ona istinad etsinlər. Açıq demək lazımdır ki, sosial şəbəkələr idarəolunmaz vəziyyətdədir, nəzarət mümkün deyil. Belə olan halda, vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Bir neçə gün öncə, yayılan informasiyalardan hamımız xəbərdarıq, jurnalistlərin əksəriyyəti o məlumatları tirajlamadılar, çünki rəsmi səviyyədə təsdiq olunmamışdı. Sonradan məlum oldu ki, yalan informasiyalar imiş. Bunun üçün dövlət nəzarəti mütləq olmalıdır. Burada ifadə azadlığının məhdudlaşdırılmasından söhbət getmir, bütün dünyada belədir, hərbi sirri yaymaq qadağandır.

 

Baş yazar bildirib ki, 44 günlük Vətən Müharibəsində cəmiyyət olaraq yumruq kimi birləşdik, qələbə çaldıq, informasiya savaşında da üstünlük əldə etdik: "Doğrudur, sosial şəbəkələrə giriş məhdudlaşdırılmışdı, bunu da normal qarşılamaq lazımdır. Çünki bəzi hallarda sosial medianın yaratdığı imkanlardan yalnış istiqamətlərdə istifadə olunur, həssas məqamlarda həqiqətəuyğun olmayan informasiyalar yayılır. Hər kəs yaydığı informasiyanın məsuliyyətini dərk etməlidir. Azərbaycan elə bir regionda yerləşir ki, burada güc mərkəzlərinin maraqları toqquşur. İnformasiya ən bahalı silahdır, güc mərkəzləri də bundan istifadə etməyi bacarırlar. Müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq istəyiriksə, son dərəcə diqqətli olmalıyıq. Xatırlayırsınızsa, Prezident İlham Əliyev 2014-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncam imzaladı. Mövcud vəziyyət belə bir sərəncamın imzalanmasını şərtləndirdi. Hər halda, dövlət təhlükəsizliklə bağlı təkmil məlumatlara malikdir, ona görə də hamımız tövsiyə və tapşırıqlara əməl etməliyik, kənar qüvvələrə imkan yaratmamalıyıq".

Tarix: 28 İyul 2022, 19:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin